ELM VƏ TƏHSİL
Xalqımızın müstəqilliyinə qovuşmasında 20 Yanvar şəhidlərinin qəhrəmanlığı heç zaman unudulmayacaq
Bakı, 19 yanvar, AZƏRTAC
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə 20 Yanvar şəhidlərinin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə institutun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov 20 Yanvar gecəsinin xalqımızın tarixinə qızıl hərflərlə yazılan bir hadisə olduğunu söyləyib. O, 20 Yanvarı sovet imperiyasının digər xalqları əsarətdə saxlamasına sonuncu cəhd kimi dəyərləndirib və imperiya ambisiyalarının məhz Azərbaycanda qırıldığını söyləyib. Bildirilib ki, Azərbaycan xalqının müstəqilliyə qovuşmasında 20 Yanvar şəhidlərinin qəhrəmanlığı heç bir zaman unudulmayacaq.
Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə 20 Yanvarın hüzn günü olması ilə yanaşı, həm də qəhrəmanlıq, əyilməzlik, şərəf və ləyaqət günü olduğunu vurğulayıb. O, 20 Yanvarı bugünkü müstəqilliyimizin başlanğıcı və sonrakı qələbələrin ilk müqəddəs səhifəsi kimi xarakterizə edib. 20 Yanvar qurbanlarının xatirəsinin əbədi yaşayacağını bildirib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyeva gənclərimizdə vətənpərvərlik hissinin, milli şüurun formalaşmasında ziyalılarımızın, alimlərimizin rolundan söz açıb. O, müstəqillik yolunun məhz 20 Yanvardan başlandığını, Qanlı Yanvar faciəsinə hüquqi-siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini bildirib.
Tədbir çərçivəsində institutun foyesində Kitabxana və elmi informasiya şöbəsinin əməkdaşları tərəfindən “20 Yanvar - Ümumxalq Hüzn Günü” mövzusunda sərgi təşkil olunub.