QAN YADDAŞI
Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində Xocalı faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı” mövzusunda anma tədbiri keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı qeyd edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub.
Muzeyin elmi fondlar şöbəsinin müdiri Cəmilə Rzayeva Xocalı soyqırımını insanlığa qarşı yönəlmiş ən dəhşətli cinayət kimi qiymətləndirib. O vurğulayıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirib. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı 613 nəfər xüsusi amansızlıqla qətlə yetirilib.
Bildirilib ki, AMEA Hüseyn Cavidin Ev Muzeyi də dövlətimizin bu aksiyasına dəstək olaraq Xocalı faciəsinin unudulmaması məqsədilə bir sıra işlər görür, sərgilər təşkil edir.
Muzeyin ekspozisiyasında Xocalı faciəsinə həsr olunmuş fotosərgi, slayd nümayiş etdirilib.