CƏMİYYƏT
“Xalqın danışdığı tarix” adlı kitab üzərində aparılan işlər davam edir
Moskva, 3 dekabr, AZƏRTAC
“Xalqın danışdığı tarix” adlı növbəti kitab üzərində aparılan işlər davam edir.
Rusiya İqtisadi İnkişaf və Sertifikatlaşdırma Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, nəşrdə Böyük Vətən müharibəsi iştirakçıları və arxa cəbhənin zəhmətkeşləri barədə ailə arxivlərindən olan sənədlərə, fotoşəkillərə, müharibə iştirakçılarının söhbətlərinin və xatirələrinin MDB ölkələrində yaşayan nəvə-nəticələri tərəfindən təkrar danışıqlarına əsaslanan bioqrafik materiallar təqdim olunacaq.
Layihənin yaradıcıları İqtisadi Araşdırmalar İnstitutu və İqtisadi İnkişaf və Sertifikatlaşdırma Mərkəzidir. Ailə tarixçəsini göndərən hər kəsə nəşrin iki nüsxəsi hədiyyə veriləcək.
Kitabın birinci hissəsi 2016-cı ilin sonunda, ikincisi 2017-ci il 9 may ərəfəsində çap edilib. Hazırda nəşrin üçüncü hissəsinin hazırlanması üzərində işlər gedir. Öz yaxınları barədə məlumatı, fotoşəkilləri, xatirələri, sənədlərin surətini redaksiyaya bu elektron ünvan vasitəsilə göndərmək olar: [email protected] .
Nəşrin tirajı müxtəlif ictimai tədbirlərdə veteranlara, uşaq və gənclər təşkilatlarına hədiyyə şəklində pulsuz paylanılır, həmçinin tədris müəssisələrinə və kitabxanalara göndərilir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva