REGİONLAR
Xalqın qan yaddaşından silinməyən erməni vəhşilikləri – 1918-ci ilin 31 Mart soyqırımı
Göyçay, 31 mart, AZƏRTAC
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib. XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçiriblər. Erməni daşnakları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə, azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirib, yaşayış yerlərini talan edərək viran qoyub, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri dağıdıb və yandırıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1918-ci ildə törədilən soyqırımında Azərbaycana köməyə gələn, Göyçay savaşında yaralanan türk əsgərlərinin böyük bir hissəsi Gəncə, Xanlar və Goranboya aparılıb. Bəzi şəhidlər isə İslam adət-ənənəsinə uyğun olaraq şəhid olduqları yerdə torpağa tapşırılmışlar. Bu məzarlardan bəziləri Göyçay, Qaraməryəm və Bığır ərazilərindədir. Bu şəhidlər özlərinə heç də yad olmayan bir başqa vətən torpağında əbədi yuxuya gediblər. Təkcə 1918-ci ilin mart-aprel aylarında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlının həyatına son qoyulub.
Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 100 ildən artıq zaman ötməsinə baxmayaraq, bu vəhşiliklər xalqın qan yaddaşında əbədi iz buraxıb.
Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı faciələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həsaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin «31 mart Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilib.
Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur. Lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın. Bu kimi faciələrin gələcək nəslin yaddaşından silinməməsi məqsədilə ölkədə faciələrimizi əks etdirən abidələr ucalır.
Bu abidələrin biri də Göyçaydakı “Azərbaycanlıların soyqırımı” abidə kompleksidir. Hər bir göyçaylı inanır ki, ildən-ilə çiçəklənən dövlətimizin qüdrəti və milli ordumuzun gücü ilə şəhidlərimizin qanı yerdə qalmayacaq.