REGİONLAR
“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrs Siyahısına daxil edilməsi tarixi hadisədir
Şəki, 9 iyul, Mustafa Dadaşov, AZƏRTAC
“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu əməkdaşlarının da ürəyincə olub. Qoruğun direktoru Təranə Abdullayeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bu tarixi hadisəni illərdən bəri böyük səbirsizliklə gözlədiklərini vurğulayaraq deyib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə 2011-ci ildən başlayaraq “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun, şəhərin qədim tarixi hissəsinin UNESKO-nun Ümumdünya İrs Siyahısına salınması istiqamətində iş aparılır. Mehriban xanım tarixi irsimizin, milli mədəniyyət nümunələrimizin dünya səviyyəsində tanıdılması istiqamətində çox mühüm işlər görür. “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi də müvafiq istiqamətdə görülən işlərin daha bir müsbət nəticəsidir. Biz bu əlamətdar hadisədən böyük qürur duyuruq”.
Təranə Abdullayeva bildirib ki, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu 1967-ci ildə yaradılıb. Ümumi ərazisi 283 hektardır. Ərazinin yalnız 120 hektarlıq hissəsi Ümumdünya İrs Siyahısına salınıb. Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan dünya, ölkə və yerli əhəmiyyətli 25 tarixi-memarlıq, arxeoloji və park-monumental abidələr mövcuddur. Son illər aparılan araşdırmalar nəticəsində qoruq ərazisində XVII-XX əsrlərə aid daha 200-dək abidə aşkar edilib. Bunlar əsasən mülklər, yaşayış evləri, emalatxanalar, kiçik ipək sexləri, anbarlar, ticarət obyektləridir. Bu ərazidə Azərbaycan memarlığının nadir incisi hesab olunan, XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Xan Sarayı, həmçinin Şəki xanlarının evi, V-VI əsrlərə aid Dairəvi Məbəd, 1300 metr uzunluğu olan Qala divarları, Yuxarı və Aşağı karvansaralar, məscidlər, körpülər və digər qədim abidələr yerləşir.
Qoruğun özünəməxsus özəllikləri olduğunu vurğulayan Təranə Abdullayeva deyib: “Burada təbiət abidələri ilə insanların yaratdıqları abidələr vəhdət təşkil edir, bir-birini tamamlayır. Şəhərə gələn xarici qonaqlar qoruğun yerləşdiyi ərazinin toxunulmaz bir təbiətə malik olmasını yüksək qiymətləndirir, dünyanın heç bir yerində belə bir gözəlliyə rast gəlmədiklərini deyirlər. Ərazidə yaşı 300, 500, 700-ə çatan 24 ədəd Xan çinarı var və bu ağaclar dövlət tərəfindən qorunur. Qoruğun digər özəlliyi, dəyəri onun Azərbaycan mədəniyyətinə, incəsənətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin adları ilə bağlıdır. Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev, Sabit Rəhman, Bəxtiyar Vahabzadə, Şəfiqə Axundova, Emin Sabitoğlu, Rasim Ocaqov və neçə-neçə yazıçı, şair, incəsənət xadimi məhz bu ərazidə doğulub. Bu şəxsiyyətlərin bir çoxunun qoruğun ərazisində ev-muzeyləri var”.
Təranə Abdullayeva Şəkinin zəngin tarixi-mədəni irsinin qorunmasına göstərdiyi yüksək diqqət və qayğıya görə şəkililər adından Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.