MƏDƏNİYYƏT


Xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə töhfə

Xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə töhfə

Bakı, 29 noyabr, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində (BMM) “Salam, Məşədi” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, mərkəzin nəşrləri seriyasından növbəti kitab əslən Şuşadan olan xanəndə Məşədi Məhəmməd Fərzəliyevin 150 illiyinə həsr edilib.

Təqdimatdan əvvəl iştirakçılar BMM-nin foyesində xanəndənin büstü önünə tər çiçəklər qoyaraq xatirəsini yad ediblər.

Kitabın “Ön söz” müəllifi, Xalq artisti Sərdar Fərəcov qeyd edib ki, kitabda tarixi faktlar, qədim fotolar, dövrümüzün muğam ustadlarının fikirləri, daş valların surətləri səliqəli şəkildə əks olunub. Xanəndənin “Sport-Rekord”, “Pate” firmalarındakı ifalarının 1912-ci ildəki kataloqu elmi məziyyəti daha da artırır. Bu kataloq xanəndənin repertuarı haqında böyük təəssürat yaradır.

Professor Abbasqulu Nəcəfzadə, Əməkdar artist, tarzən Valeh Rəhimov, kitabın redaktoru Kənan Hacı muğam irsimizin öyrənilməsində kitabın dəyərli mənbələrdən biri olduğunu söyləyiblər. Çıxışçılar “Şüştər” muğamının mahir ifaçısı kimi muğam tarixində iz qoyan xanəndənin irsinin araşdırılmasının önəmini vurğulayıblar.

Ədəbiyyatşünas Əsəd Cahangir, şair, tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı, Əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov M.M.Fərzəliyevin ifaçılıq xüsusiyyətləri, Azərbaycan muğam sənətində xidmətlərindən söz açıblar.

Bildirilib ki, kitabda muğam tariximizlə maraqlanan oxucular tədqiqatçı Dilqəm Əhmədin xanəndəyə aid Türkiyə arxivlərində aşkar etdiyi sənədlər, həmçinin tanınmış sənət xadimlərinin xanəndənin irsi haqqında yazdığı düşüncələri ilə tanış ola biləcəklər.

Qeyd edilib ki, M.M.Fərzəliyev 1872-ci ildə Şuşada anadan olub, görkəmli ifaçı və müəllim Xarrat Qulunun məktəbində yetişib. Bir müddət Gəncədə yaşayıb.1929-cu ildə Vladiqafqaz, Tiflis və başqa şəhərlərdə, Avropanın bir sıra ölkələrində qastrolda olub, daha sonra Türkiyəyə gedib və ömrünün sonuna, 1962-ci ilə qədər qardaş ölkədə yaşayıb, aktiv musiqiçi həyatı keçirib. Tarzən Hüseyn bəy Qasımla birgə “Azərimüzik heyəti” adlı kollektiv yaradıb. Bu heyətdə 20-30 xanəndə, aktyor, qiraətçi və sair kimi sənət nümayəndələri toplanıblar. Onlar böyük proqramla İstanbuldan başlayaraq Misirə qədər geniş coğrafiyada Azərbaycan musiqisini təbliğ edib, konsertlər keçiriblər.

Sonra xanəndənin Azərbaycan Dövlət Səs Yazıları Arxivində tapılan ifaları səsləndirilib. Tədbir musiqiçilərin ifaları ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.