CƏMİYYƏT


Xanım Sofiyeva: Türkiyəli psixoloqlar indiyədək müharibədən zərər çəkmiş 512 vətəndaşa yardım göstəriblər

Bakı, 18 fevral, AZƏRTAC

Müharibənin fəsadları nəticəsində psixoloji problemlər yaşayan müharibə iştirakçıları, qazilər, şəhid ailələri, terrordan fiziki və mənəvi zərər görmüş vətəndaşların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə yanvarda Türkiyədən 20 klinik psixoloq və psixoterapevt ölkəmizə dəvət olunub. Onlar bu günədək Fövqəladə Hallar Nazirliyinin (FHN) psixoloqları ilə birgə Bakıda çalışırlar.

AZƏRTAC xəbər verir ki, bunu FHN-in Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva fevralın 18-də jurnalistlərə müsahibəsində deyib.

X.Sofiyeva bildirib ki, indiyədək Azərbaycanın müxtəlif yerlərindən 112 - qaynar xəttinə zəng edib qeydiyyatdan keçmiş 512 vətəndaşa psixoloji yardım göstərilib, vətəndaşlara 990 psixoterapevtik seans keçirilib.

FHN-in şöbə rəisi diqqətə çatdırıb ki, fevralın 26-dan Vətən müharibəsində erməni terrorundan ən çox zərər görən Gəncə və Bərdədə də vətəndaşların qəbuluna başlanacaq. Eləcə də o şəhərlərə yaxın bölgələrdə müharibədən zərər çəkmiş insanlar da psixoloqlara müraciət edə bilər. Psixoloq mütəxəssislərin qəbulu ödənişsiz həyata keçirilir. Bazar günü istisna olmaqla, həftə içi hər gün saat 10:00-dan 17:00-dək vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaşların qəbulu Bakıda da dayandırılmır. Bərdə və Gəncə isə bu prosesin aparılması bir ay müddətində nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.