ELM VƏ TƏHSİL
Xanımların üstünlük verdiyi peşə: qrimçi-pastijor REPORTAJ




Bakı, 8 iyun, Aysel Azad, AZƏRTAC
Vizajist makiyaj vasitəsilə insan üzündə obraz yaradan mütəxəssisdir. Fransız dilində “visage” sözü “üz”, “görüntü”, “görünüş” və ya “kosmetika sənətçisi” mənasını verən “vizajist” sözündəndir. Kosmetik brendlər, moda trendlərini izləyən vizajist müştərinin istəkləri ilə yanaşı, onun üz cizgilərini də nəzərə almalıdır.
AZƏRTAC-ın əməkdaşı qrimçi-pastijor öyrədildiyi Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.
Xanım tələbələrin üstünlük təşkil etdiyi bu ixtisasda 9 illik təhsildən gələn tələbələr təhsil alır. Qrimçi-pastijor ixtisası üzrə istehsalat təlimi ustası Məlahət Məmmədova deyir ki, burada tələbələr müxtəlif palastik yapışdırıcılardan, süni saçlardan istifadə edərək fantastik, milli, qorxulu, nağıl qəhrəmanları və yaxud öz fantaziyalarına uyğun obrazlar yaradırlar.
Məlahət Məmmədova bildirir ki, tələbələr ikiillik təhsili başa vurduqdan sonra televiziya kanallarına, teatrlara, mədəniyyət evlərinə istehsalat təcrübəsinə yollanırlar. Orada aktyorlarla çalışıb, canlı efirdə işləyib, prosesin iştirakçısına çevrilirlər: “Tələbələrin əksəriyyəti elə təcrübə toplamaq üçün getdikləri yerdə işlə təmin olunurlar. Qrim sahəsində işləyən tələbələrimiz çoxdur. Demək olar, hər qrupdan 15 tələbəmiz işlə təmin olunur”.
Həmsöhbət olduğumuz tələbələr deyirlər ki, bir obrazı yaratmaq təxminən 20-25 dəqiqə vaxtlarını alır.
Şeytan və mələk obrazı üzərində işləyən Məryəm Hacıyeva deyir ki, ailəsi bu sahəyə yönəlməsinə razı olmayıb. Sosial media üzərindən peşə ilə tanış olan Məryəm əsasən qorxulu obrazlar yaratmağı sevir.
Jalə Quliyeva isə peşə ilə elə təhsil mərkəzində tanış olub. Daha çox gözəlləşdirməyi sevən bu tələbə xarici obrazları yaratmağa üstünlük verir.
Burada qrimlə yanaşı, tələbələrə parik toxumaq da öyrədilir, pastij məmulatından bığ-saqqal toxuyurlar. Həmçinin obrazın hər hansı yapışdırılma hissəsi (burun və s.) varsa, əvvəlcə eskizi çəkib, sonra ona uyğun hazırlayırlar.
Qeyd edək ki, bu peşə 2012-ci ildən Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris olunur.