CƏMİYYƏT
“Xankəndi talanları” kampaniyası çərçivəsində növbəti videoçarx hazırlanıb VİDEO
Bakı, 18 sentyabr, AZƏRTAC
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi “Xankəndi talanları” kampaniyası çərçivəsində növbəti videoçarx hazırlayıb.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, bu videoçarxda Xankəndi şəhərinin sakini Telli Mirzəyevanın ağrılı həyat hekayəsindən bəhs edilir.
Qeyd edək ki, bu gün 1988-ci il sentyabrın 18-də Azərbaycanın Xankəndi şəhərində Ermənistan xüsusi xidmət orqanlarının azərbaycanlılara qarşı həyata keçirdikləri kütləvi terror hadisələrindən 32 il ötür. Təəssüflər olsun ki, sonradan Ermənistan tərəfindən ərazilərmizin davamlı işğalı, xalqımıza qarşı həyata keçirilən soyqırımlar fonunda 1988-ci ildə Xankəndidə baş verən hadisələr bir qədər arxa planda qalıb.
“Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi tarixin bu qaranlıq səhifəsinə yenidən işıq salmağı, Xankəndidə erməni təcavüzünə məruz qalan insanların həyat hekayələrindən ibarət məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyaraq “Xankəndi talanları” adlı yeni kampaniyaya start verib. “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin texniki dəstəyi ilə lentə alınan videoçarxlar sosial medianın tələblərinə uyğun olaraq hazırlanır.