REGİONLAR
Xanlar Fətiyev: Azərbaycan istənilən böyük və mötəbər yarışlara ev sahibliyi etməyə qadirdir
Gəncə, 23 iyul, Rauf Hacıyev, AZƏRTAC
Hələ 2003-cü ildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan cüdoçuların Avropa çempionatına qitənin 30 ölkəsindən 300-dək cüdoçu qatılanda heç kim təsəvvür edə bilməzdi ki, Azərbaycan bundan sonra da onlarla dünya səviyyəli beynəlxalq turnirlərə ev sahibliyi edəcək. 2004-cü ildə Bədii Gimnastika üzrə Dünya Kuboku, 2005-ci ildə bədii gimnastika üzrə 27-ci Dünya Çempionatı, ilk Avropa Oyunları, Formula 1 yarışları, İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının final oyunu, bu gün isə Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalının yüksək səviyyədə keçirilməsi bir daha onu sübut edir ki, ölkəmiz gündən-günə inkişaf edir və istənilən mötəbər yarışları keçirməyə qadirdir.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev deyib.
Xanlar Fətiyev bildirib ki, artıq bütün inkişaf etmiş ölkələr Azərbaycanda yaranmış ictimai–siyasi şəraitə etibar edir. Deputat Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını xüsusi vurğulayaraq, bunun ölkəmizin imicinə çox müsbət təsir etdiyini bildirib.
“Əlbəttə gündən-günə inkişaf edən iqtisadiyyatımız, müasirləşən şəhər və rayonlarımız, yaradılan yeni infrastruktur, yenidən qurulan idman qurğuları və komplekslər beynəlxalq aləmdə Azərbaycanın reytinqinin yüksəlməsinə gətirib çıxarıb. İndi ölkəmiz bir çox inkişaf etmiş ölkələrlə böyük tədbirlərin keçirilməsinə ev sahibliyi etmək üçün bərabərhüquqlu mübarizə aparır və bir çox hallarda qalib gəlir. Bu, Azərbaycanın inkişafının göstəricisidir”, - deyə Xanlar Fətiyev əlavə edib.
Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında keçirilən Bakı - 2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalının təşkilinin də çox yüksək səviyyədə olduğunu bildirən deputat bu turnirdə iştirak etmək üçün Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyətinin gəldiyini, festival zamanı 12 idman obyektində təxminən 3500 könüllünün fəaliyyət göstərdiyini vurğulayıb.
“Bu cür böyük turnirlərin təşkilində ölkəmizin artıq yetərincə təcrübəsi var. Bu sahədə çalışan strukturların əməkdaşları çox peşəkarlaşıblar. Hesab edirəm ki, Azərbaycan istənilən böyük və mötəbər yarışlara, tədbirlərə ev sahibliyi etməyə qadirdir”, - deyə Xanlar Fətiyev bildirib.