İDMAN
Xantı-Mansiysk Ümumdünya Şahmat Paralimpiadasını keçirməkdən imtina edib
Bakı, 21 mart, AZƏRTAC
Xantı-Mansiysk Muxtar Dairəsi hakimiyyəti koronavirus infeksiyası səbəbindən Ümumdünya Şahmat Paralimpiadasını və FIDE-nin konqresini keçirməkdən imtina edib.
AZƏRTAC xəbər verir ki, bu barədə muxtar dairənin qubernatoru Natalya Komarova bildirib.
Qeyd edək ki, tarixdə ilk dəfə keçiriləcək Ümumdünya Şahmat Paralimpiadasının iyulun 30-dan avqustun 4-dək keçirilməsi planlaşdırılırdı.
Bundan əvvəl 2020-ci il Ümumdünya Şahmat Olimpiadasının da Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməsi planlaşdırılsa da, daha sonra bu turnirin paytaxt Moskvada təşkili qərara alınıb.
Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq hər iki ildə bir dəfə təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib.