CƏMİYYƏT
“Xarı bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq!” layihəsi həyata keçirilir
Bakı, 24 sentyabr, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi əzəli Azərbaycan torpağı olan Qarabağın rəmzlərindən biri sayılan Xarı bülbüllə bağlı növbəti layihəni həyata keçirir.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, “Xarı bülbül - Qarabağın sirli möcüzəsini tanıdaq!” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılır.
Layihənin məqsədi Qarabağın mədəni incilərinin təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına töhfə vermək, onlayn platformalar üçün Xarı bülbüllə bağlı daha çox materiallar hazırlamaqdır.
Hazırda layihənin ikinci mərhələsinə start verilib. Bu mərhələdə gənclər üçün onlayn yazı və rəsm olmaqla iki müsabiqə elan edilib. Gənclər elana əsasən, Xarı bülbüllə bağlı yazı və rəsm işlərini təşkilat komitəsinə göndərməlidirlər. Sonra isə həmin işlər ekspertlər tərəfindən qiymətləndiriləcək.
Yekunda qaliblərin fərdi qaydada mükafatlandırılması nəzərdə tutulur.
Layihə çərçivəsində ilk dəfə Xarı bülbülə həsr olunmuş əhatəli kitabça da nəşr ediləcək.