MƏDƏNİYYƏT


“Xarı bülbül” festivalının iştirakçısı: Həmin gün Şuşa başqa görkəmdə idi...

Bakı, 21 aprel, AZƏRTAC

“Xarı bülbül” musiqi festivalı III Ümumittifaq festivalı çərçivəsində Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü, Həmkarlar İttifaqı Şurası və Bəstəkarlar İttifaqının iştirakı ilə 1989-cu ilin mayında Qarabağda keçirilib.

Festival Ağdamın Abdal Gülablı kəndindən başlayıb, Şuşada davam etdirilib və Ağdamda yekun konsertlə başa çatıb.

Şuşada keçirilən tədbirdə meydan tamaşası estetikasının bütün elementləri ifadə olunub. Cıdır yarışı, pəhləvanlar və kəndirbazların iştirakı ilə səhnələr nümayiş edilib, qurban kəsmə mərasimi əks olunub. Xalqımızın 7 əsas muğamının hər biri ilə əlaqədar hücrə qurulub və həmin hücrələrin içində muğam, musiqiçi dəstələri əyləşib. Üçmıx dağının sinəsindəki min bir dərdin dərmanı rəngbərəng çiçəklər, öz qeyri-adi görünüşü və gözəlliyi ilə insanı məftun edən xarı bülbül gülü əl-əl gəzərək ilk dəfə görənləri heyrətləndirib...

“Xarı bülbül” festivalın iştirakçılarından olan şair-publisist, Əməkdar müəllim Əyyub Şırlanlı AZƏRTAC-ın müxbiri ilə söhbətində həmin günləri belə xatırlayıb: “1989-cu ilin mayın 21-də Şuşa başqa görkəmdə idi. Cıdır düzündə festivalın iştirakçısı olan Şuşa və şuşalılar öz xoşbəxt günlərini yaşayırdılar. Sıldırım qayaların üstündə əsrlərlə qərar tutan, neçə-neçə yadellilərin işğalına məruz qalan, öz məğrurluğunu qoruyub saxlayan, Şuşanın belinə kəmər kimi qurşanan möhtəşəm qala divarları, bürclər qədim Çin səddini xatırladırdı. Qarabağın tacı hər ilməsində tarix çözələnən xalçalarla bəzədilmiş, şəhərin ən görkəmli yerlərinə xarı bülbülün emblemi çəkilmiş pannolar asılmışdı.

Festivala Qazaxıstan, Başqırdıstan, Türkmənistan, Moskva, Pribaltika ölkələri, Ukrayna, Dəmir qapı Dərbənd və Borçalıdan, ölkəmizin ayrı-ayrı bölgələrindən - Bakı, Naxçıvan, Şamaxı, Şəki, Füzuli və Cəbrayıldan musiqiçi və xanəndələr, şairlər, sənətkarlar və pəhləvanlar gəlmişdilər. Tədbirə təşrif gətirən qonaqlar Şuşadakı Şərq Musiqi Alətləri Fabrikinin ustalarının düzəltdikləri tar, kamança, saz, qaval, ud, nağara və digər musiqi alətləri ilə yanaşı, öz mahir sənətkarlığı ilə tanınan şəbəkə ustası Rafiq Allahverdiyevin düzəltdiyi şəbəkə nümunələrinə heyranlıqla tamaşa etdilər. Onlardan musiqi alətləri və şəbəkə nümunələrindən alıb özləri ilə aparanlar da oldu.

Cıdır düzündə Azərbaycanın məşhur pəhləvanı mərhum Qaçay Hüseynov və oğlanları Təvəkkül, Allahverdi, qız nəvəsi 10 yaşlı Rəşadın atıb-tutduqları ağır çəki daşları, dartıb saxladıqları minik maşınları, xüsusilə pəhləvanın arxası üstə uzanaraq sinəsinin üstündən yük yerində 30-40 nəfər olan “Qaz-53” markalı maşını keçirməsi zamanı alqış səsləri ətrafı bürüdü.

Yeddi rəngdə düzəldilmiş çadırlar qədim oğuz-türk fatehlərinin çadırlarını xatırladırdı. Amfiteatrı xatırladan Cıdır düzündə bir-birindən 30-40 metr aralı qurulmuş çadırların qapısının üstündə ifa ediləcək muğamın adı yazılmışdı. Qazax, türkmən və başqırd musiqiçiləri yerə döşənmiş xalı və gəbələrin üstündə bardaş qurmuşdular.

Festival dahi Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürası səslənişi ilə başlandı. Əvvəlcə Rusiya və Ukraynadan gələn qonaqlar Şuşanın gözəlliyi qarşısında heyranlıqlarını dönə-dönə dilə gətirdilər. Xalq artisti, mərhum professor Vasif Adıgözəlovun çıxışı iştirakçılarda xoş təsir yaratdı. Xalq artisti Sara Qədimova “Qarabağ şikəstəsi” muğamını ifa etdi.

“Segah” çadırında qərar tutan Naxçıvandan gələn musiqiçilər - tarda Elman Əliyev və kamançada Nazim Hüseynovun müşayiəti ilə xanəndə Hünər Əliyevin ifasında səslənən muğam tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

“Şur” çadırında Şəkidən gələn musiqiçilər milli geyimdə çıxış etdilər. Xanəndə Əbülfəz Nəcəfovun tarzən Əbdülrəşid Məmmədov və kaman ifaçısı Fərrux Məmmədovun müşayiəti ilə oxuduğu muğam alqışlara səbəb oldu.

Şamaxılılar “Rast”, füzulililər “Şüstər”, Cəbrayıldan gələnlər “Bayatı-Şiraz” çadırında idilər. Onların hər biri ifa etdikləri musiqi nömrələri ilə çox böyük marağa səbəb oldular. “Çahargah” çadırında qərar tutan Bakı Muğam Teatrının nümayəndələri tarda Mirxalid Salayev, kamançada Zahid Rzayev müşayiəti ilə xanəndə Mehman Səmədovun “Göstər ey gül üzünü, bülbüli-şeyda gülsün” misraları ilə başlanan qəzəllə oxuduğu muğam hamını ovsunlamışdı.

Şuşalıların ansamblına Əməkdar incəsənət xadimi Eldar Əliyev rəhbərlik edirdi, konsertmeyster Rəsul İsmayılov idi. Onların çadırı ağ rəngdə idi. Muğam və mahnı ifaçısı Mehdi Mehdiyev, qarmon və tar ifaçısı mərhum Tapdıq Zeynalov, tarzənlər mərhum Nadir Abbasov, Gülağa Zeynalov və İntiqam Abbasov, nağarada Natiq İbrahimov, kamançada Mərkəz Əliyev, sazda Əli Baxşəliyev öz məharətlərini göstərdilər. Xanəndələrdən İsa Rəhimov “Qarabağ şikəstəsi” və “Heyratı”, Gülnar Tağıyeva, “Qatar”, Hafiz Sədirzadə “Şur”, Hüseyn Məşədiyev “Mənsuriyyə” muğamlarını məharətlə ifa etdilər.

Bu möhtəşəm tədbirdə mən mərhum tarzən Gülağa Zeynalovun ifa etdiyi “Zabul” segahın sədaları altında Şuşa haqqında yazdığım iki şeiri oxudum.

Festivala Ağdamda İmarət stadionunda konsert proqramı ilə yekun vuruldu”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.