CƏMİYYƏT
“Xarı bülbül işığında” adlı beynəlxalq videokonfrans təşkil edilib
Bakı, 15 fevral, AZƏRTAC
Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu və “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Xarı bülbül işığında” adlı beynəlxalq videokonfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, tədbir Beynəlxalq Azərbaycanlı Xanımlar Klubunun rəhbəri Kəmalə Ceylinovanın və Klubun üzvü, “Dünya Azərbaycanlı Qadınlarının Həmrəyliyi” İctimai Birliyinin sədri Svetlana Osmanlının moderatorluğu ilə baş tutub.
Videokonfransda Milli Məclisin deputatı Səbinə Xasayeva, “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyinin sədri Radə Abbas, birliyin Türkiyə təmsilçisi Zülfiyyə Həsənova-Günəş, jurnalistlər Elnur Fərzəliyev və Nigar Ogeday, Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası baş katibi Mehmet Qiyas Azeritürk, Avrasiya Türk Qadınları Fondunun rəhbəri Fatma Aktaş, Bakı Türk Anadolu Liseyinin müdir müavini Meral Bahar və 50-yə yaxın soydaşımız iştirak edib.
Tədbir iştirakçıları Azərbaycanın Şuşa şəhəri və ətraf ərazilərində, Cəbrayıl rayonu istiqamətində, Samur–Dəvəçi, Kür-Araz və Xəzərsahili ovalıqlarda, Abşeronda, Kiçik Qafqazın cənub rayonlarında rast gəlinən “Xarı bülbül” çiçəyinin 44 günlük Vətən müharibəsinin zəfər rəmzinə çevrildiyini bildiriblər. Qeyd edilib ki, şanlı Azərbaycan Ordusu təkcə Qarabağı deyil, həm də Xarı bülbülü əsarətdən, erməni işğalından xilas etdi. Şuşa azad edilərkən qəhrəman əsgərlərimiz bu çiçəyi şəhərin girişindəki torpağa sancmaqla onu yenidən əsl sahiblərinə qaytardılar.
Tədbirdə Qarabağı vəsf edən əsərlər tarda və sazda ifa olunub.