REGİONLAR
“Xarı bülbül” kuboku uğrunda keçirilən intellektual bilik yarışı başa çatıb
Naxçıvan, 26 yanvar, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin I kurs tələbələri arasında keçirilən “Xarı bülbül” kuboku uğrunda intellektual yarış başa çatıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, universitetin Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə keçirilən yarışdan əvvəl çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətini qeyd edib.
Ulu öndər Heydər Əliyevin “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” fikrinin həyat amalımıza çevrildiyini vurğulayan Elbrus İsayev qeyd edib ki, bu gün ölkəmizdə yeniyetmə və gənclər vətənpərvərlik ruhunda yetişdirilir.
Rektor Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qüdrəti ilə zəfər çaldığımızı, şəhidlərimizin qanı bahasına qazandığımız tarixi qələbəmizin gənclərimizdə də ruh yüksəkliyi yaratdığını vurğulayıb. Keçirilən bilik yarışmalarının əhəmiyyətini qeyd edən Elbrus İsayev “Xarı bülbül” kuboku uğrunda intellektual yarışların iştirakçılarına uğurlar arzulayıb.
Naxçıvan Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Əziz Qasımov layihənin məqsədi, vəzifələri və oyunun qaydaları haqqında məlumat verdikdən sonra bilik yarışına start verilib.
Qeyd edək ki, oyunda 22 komanda iştirak edib. Yarış hər turda 12 sual olmaqla, üç turdan ibarət olub. Suallar Qarabağın tarixi, mədəniyyəti, coğrafiyası mövzularını əhatə edib.
İntellektual oyunda İncəsənət fakültəsinin “Cəbrayıl” komandası qalib olub. Beynəlxalq münasibətlər və hüquq fakültəsinin “Bayraktar” komandası II, həmin fakültənin “Qarabağa qayıdış” komandası isə III yeri qazanıb.
Qalib gələn komandalar kubok və medallarla mükafatlandırılıb.