REGİONLAR
“Xarı bülbül” xaçmazlı tamaşaçılara təqdim olunub VİDEO
Xaçmaz, 28 mart, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində xaçmazlı tamaşaçılar qarşısında çıxış edib.
AZƏRTAC xəbər verir ki, kollektiv martın 28-də Heydər Əliyev adına Xaçmaz İncəsənət Mərkəzinin səhnəsində “Xarı bülbül” tamaşasını göstərib. Əlliyə yaxın aktyorun yer aldığı tamaşanın quruluşçu rejissoru Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının Əməkdar Artisti Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı isə Şaik Qardaşovdur.
Teatrın direktoru Faiq Qardaşov AZƏRTAC-a bildirib ki, Ramiz Duyğunun ssenarisi əsasında hazırlanan “Xarı bülbül” tamaşası Qarabağ müharibəsi zamanı Şuşanın dağ kəndlərinin birindən didərgin düşən ailənin faciəsindən bəhs edir. Səhnə əsərində Qarabağın azadlığı uğrunda düşmənlərə qarşı mərdliklə döyüşərək şəhid olan əsgər və zabitlərimizin qəhrəmanlığı qabarıq şəkildə təsvir edilir, mənfur və xain ermənilərin iç üzü göstərilir.
Tamaşa xaçmazlı teatrsevərlər tərəfindən maraqla qarşılanıb.
“Xarı bülbül” qarşıdakı günlərdə Quba, Qusar və Şabran tamaşaçılarına da təqdim olunacaq.