MƏDƏNİYYƏT


“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı

Bakı, 15 may, AZƏRTAC

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən "Xarıbülbül" musiqi festivalı Zəfər tariximizin yeni bir salnaməsi oldu.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

“Şuşada, Cıdır düzündə “Xarıbülbül” beynəlxalq musiqi festivalının təşkili hər birimizi qürurlandırdı”, - deyən deputat vurğulayıb ki, Azərbaycanın gözü və mədəniyyət beşiyimiz olan Şuşa yenidən nəfəs aldı. Festivalın Ramazan bayramı ərəfəsində təşkil edilməsi isə xüsusi məna kəsb edir: “Şuşada, Cıdır düzündə 1989-cu ildə keçirilən musiqi festivalının bu il böyük atəşfəşanlıqla yenidən təşkili milli mədəniyyətimizi, qədim tariximizi və musiqi ruhumuzu özümüzə qaytaran əlamətdar hadisədir. Prezident İlham Əliyev festivalın açılışında bu tədbirin şəhidlərin ruhuna həsr olunduğunu, Böyük Qələbə üçün qəhrəman hərbçilərimizə və Azərbaycan xalqına borclu olduğumuzu qeyd etdi. Festivalda Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin də çıxış etməsi təsadüfi deyildi. Bu, bizim tolerantlığımızın təcəssümü idi. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Şuşadan, qədim torpağımızdan bir daha biz bütün dünyaya mesaj verdik. Azərbaycan çoxkonfessiyalı, multikultural dəyərlərə sadiq olan nadir ölkələrdəndir. Ölkəmizdə müxtəlif xalqların nümayəndələri sülh, birlik və harmoniya şəraitində yaşayırlar”.

Tamam Cəfərova qeyd edib ki, festivalda qürurverici duyğulu anlar da yaşandı. Konsert zamanı ulu öndər Heydər Əliyevin Şuşa və işğal altında olan torpaqlarla bağlı arzularını səsləndirdiyi fikirlərin əks olunduğu videoçarx nümayiş etdirildi.

Deputatın sözlərinə görə, “Xarıbülbül” musiqi festivalının keçirilməsi mədəni tədbir olduğu qədər siyasi baxımdan da böyük əhəmiyyətə malikdir. Uzun fasilədən sonra yenidən doğma Şuşamızda, Cıdır düzündə təşkil edilən bu tədbir Azərbaycanın gücünün göstəricisidir: “Bəli, bu gün Azərbaycan inamla və durmadan inkişaf edir. Biz bir daha mesaj verdik ki, heç kəs bizim torpaqlarımızı əlimizdən ala bilməz. Əks təqdirdə, “Dəmir yumruq”la başı əziləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.