İQTİSADİYYAT
Xaricdə gəlir əldə edən rezident fiziki şəxslər vergi uçotuna alınmalıdır

Bakı, 6 aprel, AZƏRTAC
ABŞ şirkəti (hüquqi şəxs) ilə əməkdaşlıq edən vətəndaş orada dollarla bank hesabı açıbsa, həmin hesabdakı vəsaiti Azərbaycandakı bank hesabına köçürə bilərmi?
Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər vergi uçotuna alınmaq üçün ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.
Qeyd olunan gəlirlər şəxsin sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda vergilər müvafiq qaydada hesablanaraq ödənilməli və vergi orqanına hesabat təqdim edilməlidir.
Yuxarıda qeyd olunan əməliyyatların vergitutma baxımından cavablandırılması üçün əməliyyatın xarakteri barədə məlumatlar qeyd edilməklə müvafiq təsdiqedici sənədlərlə birlikdə vergiödəyiciləri xidmət mərkəzlərinə müraciət edə bilərlər.
Pul köçürülməsi əməliyyatına aid qanunvericiliyin tələbləri haqda ətraflı məlumat üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etmək tövsiyə olunur.