REGİONLAR
Xaricdə yaşayan soydaşlarımız Şuşa ilə yaxından tanış olublar VİDEO
Şuşa, 28 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Azərbaycan diaspor nümayəndələri Qarabağın incisi olan qədim Şuşa ilə yaxından tanış olublar. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan səfərdə 24 ölkədən 72 soydaşımız iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər çərçivəsində soydaşlarımız Şuşadakı Xarıbülbül istirahət parkında olublar. Kollektiv şəkildə Şuşa musiqisini ifa edən həmyerlilərimiz “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər. Gəzinti zamanı diaspor nümayəndələrimizə Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri, ermənilər tərəfindən dağıdılan qədim tikililər və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri barədə məlumat verilib.
Azərbaycan diaspor nümayəndələri rayon mərkəzində yerləşən Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan, Bülbülün büstünü ziyarət edib, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydana gəliblər. Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Gəncə qapısı, Şuşa qalası ilə də tanış olublar və soydaşlarımız xatirə şəkilləri çəkdiriblər. Daha sonra Yuxarı Gövhərağa məscidinə gələn həmyerlilərimiz burada ibadət edib, şəhidlərimizin ruhuna dualar oxuyublar. Soydaşlarımızın səfərinin son dayanacağı Cıdır düzü olub. Müxtəlif ölkələrdən Şuşaya üz tutan soydaşlarımız Azərbaycan bayrağını dalğalandıraraq birlik nümayiş etdiriblər.