MƏDƏNİYYƏT
Xaricdəki rus mədəniyyət mərkəzləri beynəlxalq məkanda iş üzrə təcrübə mübadiləsi aparacaqlar
Bakı, 15 iyul, AZƏRTAC
İyulun 16-da Həştərxanda “Rus mədəniyyəti beynəlxalq məkanda (xaricdəki rus dili və mədəniyyəti mərkəzlərinin iş təcrübəsi)” mövzusunda onlayn görüş keçiriləcək.
Həştərxan vilayəti Mədəniyyət və Turizm Nazirliyinin, habelə Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin dəstəyi ilə N.K.Krupskaya adına vilayət elmi kitabxanasında keçiriləcək görüşün təşkilatçıları “Xəzər-Avrasiya” Beynəlxalq və İctimai-Siyasi Araşdırmalar Mərkəzi və Rusiya Gənclər Hökumətləri Assosiasiyasıdır.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, təşkilatçıların fikrincə, bu onlayn diskussiyanın məqsədi Xəzəryanı ölkələrdə, MDB-də və uzaq xarici ölkələrdə təhsil və mədəni əlaqələri inkişaf etdirmək, xaricdə rus dili və mədəniyyəti mühitini dəstəkləməkdir.
Onlayn görüşün gündəliyində aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur: beynəlxalq humanitar məkanda rus mədəniyyətinin və rus dilinin yeri; xaricdə rus dili: tendensiyalar, çağırışlar və artım nöqtələri; xaricdə rus mədəniyyətinin dəstəkləməsinin səmərəli vasitələri; rus dili və mədəniyyəti mərkəzlərinin və rus icmalarının iş təcrübəsi.
Gözlənildiyinə görə, onlayn görüşdə Rusiya tərəfdən Həştərxan vilayətinin mədəniyyət və turizm naziri Olqa Prokofyeva, Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin rəhbərinin müavini İlya Toropitsın, N.K.Krupskaya adına Vilayət Elmi Kitabxanasının direktoru Svetlana Qanina, Rusiya Gənclər Hökumətləri Assosiasiyasının Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Rinat Qubaydullayev, Həştərxan vilayəti Strateji Təşəbbüslər Agentliyinin nümayəndəsi, İmperator Fələstin Pravoslav Cəmiyyətinin regional bölməsinin sədri Aleksandr Solovyov iştirak edəcək.
Tədbirdə spikerlər qismində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Serbiya, İspaniya, Türkiyə və Mərakeşin rus dili və mədəniyyəti mərkəzlərinin rəhbərləri də iştirak edəcəklər.
Tədbirdə iştirak etmək üçün sifarişlər [email protected] elektron poçtu, həmçinin 89880701589 və ya 89648878242 nömrəli telefonlarla qəbul edilir.