SİYASƏT


Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin qurbanları anılıb

Bakı, 19 yanvar, AZƏRTAC

Yanvarın 19-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğurunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

Anım tədbirində çıxış edən xarici işlər nazirinin müavini Xələf Xələfov 20 Yanvarın tariximizə xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda Azərbaycan xalqının mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrildiyini diqqətə çatdırıb.

Xələf Xələfov çıxışı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərdən, o cümlədən hadisələrə siyasi-hüquqi qiymətin verilməsi, dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edib.

Nazir müavini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun 30 illik işğala son qoymasının ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhunu şad etdiyini, parlaq Zəfərimizin regionda yeni reallıqlar yaradaraq bu kimi faciələrin təkrarlanmamasına zəmin yaratdığını vurğulayıb.

Xələf Xələfov çıxışında postmünaqişə dövründə regionda yeni reallıqlardan, Ermənistanın davamlı hərbi-siyasi təxribatlarından, habelə Laçın yolu ətrafında Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin etiraz aksiyasına səbəb olan hadisələrin bölgədə sabitliyin təmin olunmasına maneə törətməsindən bəhs edərək, bütün bu çətinliklərə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində öz səylərini davam etdirdiyini diqqətə çatdırıb.

Daha sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrini əks etdirən fotosərgi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.