SİYASƏT


Xarici İşlər Nazirliyində “Evə gedirəm” qeydiyyat portalının təqdimatı olub

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Xarici İşlər Nazirliyində Rusiyada yaşayan vətəndaşlarımızın ölkəyə qayıdışı üzrə yaradılan “Evə gedirəm” adlı qeydiyyat portalının təqdimatı keçirilib. Bu barədə AZƏRTAC-a nazirliyin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Xarici İşlər nazirinin müavini Ramiz Həsənovun rəhbərliyi ilə keçirilən görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş zamanı yeni portalın fəaliyyəti və qeydiyyat prosesi haqqında ətraflı məlumat verilib, eləcə də prosesin müvafiq dövlət qurumları tərəfindən vahid mərkəzdən idarə edilməsi, vətəndaşlarla onlayn əks əlaqənin qurulması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Evə gedirəm” portalı vasitəsilə www.evegedirem.info  internet səhifəsində xaricdə yaşayan həmvətənlərimiz onlayn qeydiyyata düşmək imkanı əldə edəcək, beləliklə də vətəndaşlarımızın Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və konsulluqlarına müraciətləri tezləşəcək və onların Vətənə qayıdış prosedurlarına kömək göstəriləcək.

Saytda ilkin mərhələdə yalnız Rusiya Federasiyasında olan Azərbaycan Respublikası vətəndaşları qeydiyyatdan keçə biləcəklər.

Saytda qeydiyyatdan keçmiş hər bir şəxsin elektron növbə ardıcıllığı yaranacaq və həmin ardıcıllığa uyğun olaraq vətəndaşlarımızın Azərbaycana qayıtma tarixləri təyin ediləcək, eləcə də vətəndaşların sərhəd-keçid məntəqələrindən müəyyən olunan sayda buraxılışının təmin olunması istiqamətində işlər tənzimlənəcək.

Azərbaycana qayıdış vətəndaşın istəyi nəzərə alınaraq hava və quru nəqliyyatı vasitəsilə təmin olunacaq. Azərbaycana hava yolu ilə geri dönüş istəyi olan şəxslərin AZAL və “Buta Airways”lə əvvəlcədən alınmış qayıdış bileti olarsa, həmin şəxslərin geri dönüşü ödənişsiz həyata keçiriləcək, digər şəxslər üçün isə çarter uçuşları ödənişlidir.

Müraciət edən şəxsin geri dönüş üçün müəyyən olunan tarix və keçid məntəqələri barədə məlumat portal vasitəsilə, mobil telefona SMS göndərilməklə və ya birbaşa zənglə əlaqə saxlanılaraq bildiriləcək.

Vətəndaşların Azərbaycana qayıdış tarixləri karantin rejiminin şərtlərinə uyğun tənzimlənəcək və ölkəyə qayıdan hər bir şəxs karantində yerləşdiriləcək.

18 aprel 2020-ci il Moskva vaxtı ilə saat 10:00-dan etibarən fəaliyyətə başlayan portalda qeydiyyat 23 aprel 2020-ci il saat 00:00-dək davam edəcək.

Xatırladırıq, portalda yalnız xaricdə olan Azərbaycan vətəndaşları qeydiyyatdan keçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.