SİYASƏT


Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşüb

Bakı, 17 sentyabr, AZƏRTAC

Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edilib və iki tərəf arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin bu münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.

Azərbaycanın multikultural dəyərlərin təşviqi baxımından ön sıralarda olduğunu bildirən kardinal Pietro Parolin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın multikultural fəaliyyətini yüksək qiymətləndirib və bu xüsusda, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilən layihələri, o cümlədən Müqəddəs Pyotr Kilsəsinin altarı, Roma katakombaları və San Sebastian Kilsə Muzey Kompleksində katakombaların bərpası işlərini məmnuniyyətlə vurğulayıb.

Nazir Elmar Məmmədyarov qarşı tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırıb, Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışının bölgədə gərginliyin artmasına xidmət etdiyini bildirib.

Görüş zamanı bu ilin noyabrın 14-15-də Bakıda keçiriləcək Dünya dini liderlərinin II Bakı sammitinə Qafqaz Müsəlmanları İdarəsinin dəvəti Müqəddəs Taxt-Tacın dövlət katibinə təqdim edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında da müzakirələr aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.