REGİONLAR


Xarici KİV nümayəndələri Füzulidə erməni barbarlığının şahidi olublar FOTO VİDEO

Füzuli, 30 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC

Avqustun 30-da BMT-də akkreditə olunan xarici KİV nümayəndələri Ermənistanın işğalından azad olunmuş Füzuli rayonuna səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qaraxanbəyli kəndi ərazisində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən qonaqlara ermənilərin işğal zamanı törətdikləri vəhşiliklər, Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi, bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.

Səfər iştirakçıları sonra Merdinli kəndinin erməni barbarlığı ilə tanış olublar. Qonaqlar 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdiyi cinayətlər barədə ətraflı məlumatlandırılıblar. Bildirilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndlər kimi, Merdinlini də talayıb, Yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. Düşmən Merdinli kəndindəki məsciddən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı nifrətlərini nümayiş etdiriblər. Kənd qəbiristanlığı da erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.

Xarici KİV nümayəndələri Füzuli Beynəlxalq Hava Limanına da gəliblər. Məlumat verilib ki, 44 günlük Zəfər yürüşü zamanı azad edilən torpaqlarda Azərbaycan tərəfindən irimiqyaslı layihələr həyata keçirilir, tikinti-quruculuq işləri aparılır. Belə layihələrdən biri də Füzuli, Zəngilan və Laçın hava limanlarının inşasıdır. Artıq Füzuli Beynəlxalq Hava Limanının inşası başa çatıb. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib. Hava limanı xarici ölkələrdən təyyarələr qəbul edir.

Jurnalistlər sonra Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Bildirilib ki, 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar.

Qonaqlar Füzuli şəhərinin mərkəzində də erməni vəhşiliyinin şahidi olublar. Diqqətə çatdırılıb ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə bərabər, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar da məhv edilib.

Media nümayəndələrinə, həmçinin Füzuli şəhərinin bərpası istiqamətində görüləcək işlər barədə də məlumat verilib.

Füzulidə erməni barbarlığı ilə tanış olan qonaqlar Şuşa şəhərinə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.