SİYASƏT
Xarici KİV rəhbərləri: Ermənistanın Azərbaycan ərazilərində məqsədli şəkildə minalar basdırması regionda sülh prosesinə əngəl törədir
Buxarest, 11 iyun, AZƏRTAC
Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi yaxınlığında tank əleyhinə minanın partlaması nəticəsində AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun həlak olması qəbuledilməzdir. Bu faciə ilə əlaqədar onların ailələrinə və yaxınlarına başsağlığı veririk.
Bunu AZƏRTAC-a müsahibələrində Rumıniyanın aparıcı KİV-lərinin rəhbərləri – “Ultima Ora” qəzetinin baş redaktoru Teodora Marin, bu ölkədə 3 min jurnalist təşkilatını və müstəqil jurnalistləri birləşdirən Rumıniya Peşəkar Jurnalistlər İttifaqının sədri Doru Qlavan, Bolqarıstan Jurnalistlər İttifaqının rəhbəri Snejana Todorova, həmçinin xorvatiyalı deputat, parlamentin Ailə, gənclər və idman komitəsinin sədr müavini Velyko Kaytazi bildiriblər.
Onlar qeyd ediblər ki, Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması regionda sülh prosesinə əngəl törədir. “Dünya ictimaiyyətini, dünya jurnalist ittifaqlarını günahsız insanların ölümü ilə nəticələnən bu faciəyə laqeyd qalmamağa çağırırıq. Minalar barədə məlumat mübadiləsi də daxil olmaqla, bütün proseslər insan həyatının qorunmasına və davamlı sülhə xidmət etməlidir. Halbuki erməni tərəfi 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra hələ də minalanmış sahələrin xəritəsini Azərbaycana təqdim etməyib”, - deyə müsahibələrdə bildirilib.
Qeyd edək ki, müsahibələrdə səslənən fikirlər Rumıniyanın “Ultima Ora” qəzetində, Rumıniya Peşəkar Jurnalistlər İttifaqının internet səhifəsində, Bolqarıstan Jurnalistlər İttifaqının saytında və xorvatiyalı deputatın tviter hesabında yayılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest