ELM VƏ TƏHSİL
Xarici alimlərin iştirakı ilə riyazi biologiya, bioinformatika ixtisası üzrə ilk dissertasiya işinin müzakirəsi keçirilib
Bakı, 19 fevral, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Hesablama struktur biologiyası beynəlxalq laboratoriyasının böyük elmi işçisi Rəfiqə Məsməliyevanın riyazi biologiya, bioinformatika ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Atom yerdəyişmə parametrlərinin statistik analizi və validasiyası” mövzusunda dissertasiya işinin müzakirəsi keçirilib. Bu, müvafiq ixtisas üzrə ilk dissertasiya işidir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, dissertasiya işi laboratoriyanın müdiri, Böyük Britaniya Kembric şəhərinin Tibbi Araşdırmalar Mərkəzinin professoru Qərib Mürşüdovun rəhbərliyi altında yerinə yetirilib. “Zoom” platforması üzərindən keçirilən müzakirədə institutun elmi işçiləri ilə yanaşı, ABŞ-ın Birləşmiş Genom İnstitutu, Türkiyənin Akdeniz Universiteti, Rusiya Elmlər Akademiyasının Biologiyanın Fundamental Problemləri İnstitutu, AMEA-nın müvafiq institutları və Bakı Dövlət Universitetinin alimləri iştirak ediblər.
Dissertasiya işi ətrafında geniş müzakirələr aparılıb. Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru, professor Əhməd Hacıyev və ABŞ-ın Birləşmiş Genom İnstitutunun əməkdaşı, bioinformatika sahəsində dünyada tanınmış alim Asəf Salamov dissertasiya işinin yüksək səviyyədə yerinə yetirildiyini və beynəlxalq tələblərə cavab verdiyini qeyd ediblər. Akademik İradə Hüseynova, AMEA-nın müxbir üzvləri Novruz Quliyev, İlham Şahmuradov, Tərlan Məmmədov, Xəlil Qasımov, biologiya elmləri doktorları, professorlar Səftər Süleymanov, İradə Əliyeva, Elimxan Cəfərov, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, biologiya üzrə fəlsəfə doktorları Ələmdar Məmmədov, Vaqif Əmikişiyev, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elman Yusifov dissertanta təklif və rəylərini bildiriblər.
Sonda R. Məsməliyevanın dissertasiya işinin açıq müzakirəyə çıxarılması məqsədilə riyazi biologiya, bioinformatika ixtisası üzrə birdəfəlik Elmi şuranın təşkil olunmasına icazə verilməsi üçün Ali Attestasiya Komissiyasına müraciət olunması barədə qərar qəbul olunub.