ELM VƏ TƏHSİL
Xarici dil fənləri üzrə seminarlar keçirilmişdir
Bakı, 13 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) xarici dil fənləri (alman, fransız və ingilis dilləri) üzrə dərslik və müəllim üçün metodik vəsaitlərin elmi-metodik monitorinqi ilə bağlı seminarlar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, ümumtəhsil məktəblərinin 3-cü sinifləri üçün alman və fransız dilləri dərslikləri və metodik vəsaitləri ilə bağlı keçirilən seminarda dərsliklər məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə olunmuşdur.
Ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün “İngilis dili” dərsliyinin və müəllim üçün metodik vəsaitin elmi-metodik monitorinqi ilə bağlı keçirilən seminarda dərsliklər məzmun, dil, üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.
Müzakirələrdə dərslik müəllifləri Çəmən Babaxanova, Rəfiqə İsayeva, Nərminə Əliyeva və Gülşən Hüseynova iştirak etmişlər.
İclaslarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə yanaşı, TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba regional bölmələrinin müvafiq fənn müəllimləri də internet vasitəsilə dərsliklərlə bağlı fikirlərini bildirmiş, təkliflərini vermişlər.
Növbəti seminarlarda müzakirələr davam etdiriləcəkdir.