ELM VƏ TƏHSİL
Xarici dil fənləri üzrə seminarlar keçirilmişdir
Bakı, 19 fevral (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün “İngilis dili” və “Fransız dili” dərsliklərinin, o cümlədən metodik vəsaitlərin elmi-metodiki monitorinqi ilə bağlı seminarlar keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, ingilis dili fənni üzrə iclasda dərslik məzmun, dil, üslub, dizayn, bədii tərtibat və tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.
Müzakirələrdə dərslik müəlliflərindən Rəfiqə Əliyeva iştirak etmişdir.
Müzakirələr nəticəsində formalaşdırılacaq yekun rəy müəlliflərə və müvafiq quruma təqdim ediləcəkdir.
Seminarda Bakı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəblərinin müəllimləri ilə birlikdə TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba regional bölmələrinin müvafiq fənn müəllimləri də internet vasitəsilə iştirak etmiş, dərsliklərlə bağlı fikirlərini bildirmiş, təkliflərini vermişlər.
Fransız dili üzrə keçirilən digər seminarda dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.
Növbəti seminarlarda 4-cü siniflər üçün fransız dili və 5-ci siniflər üçün ingilis dili dərsliklərinin və metodik vəsaitlərin müzakirəsi davam etdiriləcəkdir.