ELM VƏ TƏHSİL


Xarici dil fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinə dair layihənin ikinci mərhələsi yekunlaşıb

Bakı, 19 mart, AZƏRTAC

Dövlət İmtahan Mərkəzinin (DİM) ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Təhsil Nazirliyinin Təhsil İnstitutu ilə birlikdə həyata keçirdiyi “Xarici dil üzrə fənn kurikulumu, dərsliklər və qiymətləndirmə vəsaitlərinin (ingilis dili) təkmilləşdirilməsinə dəstək” layihəsinin ikinci mərhələsi uğurla başa çatıb.

Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, üç mərhələli layihənin ikinci mərhələsi çərçivəsində həyata keçirilən təlimə DİM, Təhsil Nazirliyi və Təhsil İnstitutunun xarici dil (ingilis dili) fənn kurikulumu, dərslik və qiymətləndirmə vəsaitləri üzrə mütəxəssisləri cəlb edilib. Layihənin bu mərhələsi üzrə təlim və konsultativ sessiyalar dünyada hökm sürən pandemiya şərtlərinə uyğun olaraq onlayn təşkil edilib. 32 təlim və konsultasiya sessiyasından ibarət olan II mərhələ ərzində təlim iştirakçıları dərsliklərin yazılması zamanı riayət edilməli addımlar və istinad edilməli mənbələr, kommunikativ bacarıqların inkişaf etdirilməsi üçün tapşırıqların hazırlanması yolları barədə məlumatlandırılıb, həmçinin cari ingilis dili dərsliklərinin CEFR-ə uyğunlaşdırılması və şagirdlərdə kommunikativ bacarıqların formalaşdırılmasına dəstək olmaq məqsədilə əlavə materiallar hazırlanıb. Bu il təkmilləşdirilməsi və yenidən yazılması nəzərdə tutulan 2-ci və 6-cı sinif ingilis dili dərsliklərinə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, layihənin III mərhələsinin 2021-ci ilin avqust-sentyabr aylarında həyata keçirilməsi planlaşdırılır və bu mərhələ xarici dil müəllimlərinin peşəkar inkişafı üçün təlim materiallarının hazırlanmasını əhatə edəcək. Üçüncü mərhələ başlayana qədər layihə iştirakçıları cari ingilis dili dərslikləri üçün əlavə materialların hazırlanmasına davam edəcəklər.

Xatırladaq ki, layihənin əsas məqsədi xarici dil fənni üzrə kurikulumun CEFR standartlarına uyğunlaşdırılması üçün təkliflərin hazırlanması və Təhsil Nazirliyi ilə birgə icrası, dərslik və qiymətləndirmə vəsaitlərinin müvafiq istiqamətdə təkmilləşdirilməsidir.

Layihənin eksperti Kaliforniya Dövlət Universitetinin professoru Neytn Kardır və DİM tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə reallaşdırılmış “Müəllimlər üçün intensiv peşəkar inkişaf və konsultasiya” layihəsinin də eksperti olub. Neytn Kar DİM-in buraxılış və xarici dil fənni üzrə doktoranturaya qəbul imtahanlarının təkmilləşdirilməsi ilə bağlı da Mərkəzə öz töhfəsini verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.