ELM VƏ TƏHSİL
“Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilib
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabrın 6-da Azərbaycan Dillər Universitetində (ADU) təhsil fakültəsinin təşkilatçılığı ilə “Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ADU-nun tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim böyük önəm verdiyini bildirib.
Müasir dünyada təhsilin mühüm rolunu qeyd edən Ə.Abdullayev Prezident İlham Əliyevin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən danışıb.
Ölkəmizdə təhsil sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini deyən prorektor bu sahədə qazanılan nailiyyətlərdən bəhs edib, müasir dövrdə xarici dillərin dərindən öyrənilməsinin vacibliyini vurğulayıb.
ADU-nun təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov Prezident İlham Əliyevin təhsil sahəsi ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini diqqətə çatdırıb. O qeyd edib ki, müasir qloballaşma şəraitində Azərbaycan təhsilinin dünya təhsil və elm məkanına inteqrasiyası, elmi əməkdaşlıq, eləcə də ikili diplom proqramları xarici dillərin dərindən öyrənilməsini daha da aktuallaşdırır.
Məlumat verilib ki, konfransa 12 universitet və elmi müəssisədən 158 adda tezis təqdim olunub.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin ingilis dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Nailə Sadıqova, Azərbaycan Dövlət İqtisad Universitetinin xarici dillər kafedrasının müdiri, professor Afət Abbasova, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, professor İlham Tahirov, Bakı Dövlət Universitetinin ingilis dili kafedrasının müdiri, dosent Abbas Abbasov və digər çıxış edən alimlər xarici dillərin tədrisi ilə bağlı fikirlərini bildiriblər.
Sonra “Azərbaycan-ingilis bilinqvizminin pedaqoji aspekti”, “İngilis dilinin tədrisində təktərkibli cümlələrin yaratdığı problemlərin aradan qaldırılması haqqında” mövzularında məruzələr dinlənilib.
Bölmə iclasları ilə davam edən konfrans işini dekabrın 7-də yekunlaşdıracaq.