REGİONLAR
Xarici diplomatik korpusun nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında
Bakı, 17 iyun, AZƏRTAC
Azərbaycan Diplomatik Akademiyasının (ADA Universiteti) təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan xarici diplomatik korpusun nümayəndələrinin Sumqayıt Kimya Sənaye Parkına səfəri təşkil edilib.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 10-dan çox ölkənin diplomatlarının iştirakı ilə keçirilən səfərin məqsədi ölkədə fəaliyyət göstərən sənaye zonalarının fəaliyyəti ilə tanış olmaqdır. İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev qonaqlara ölkədə mövcud sənaye zonaları və aqroparklar barədə məlumat verib. Qeyd edilib ki, sənaye zonalarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya və biznes mühiti yaradılıb, xarici və yerli investorlar bu imkanlardan yararlana bilərlər.
Görüş çərçivəsində sənaye zonalarının və aqroparkların fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib.
Tədbirdə belə görüşlərin mütəmadi olaraq təşkil olunması, xarici diplomatik korpusun nümayəndələrinin ölkəmizdə həyata keçirilən mühüm iqtisadi tədbirlər, sənaye zonalarında mövcud imkanlar və yeniliklər barədə məlumatlandırılmasının əhəmiyyəti qeyd olunub.
Sonda diplomatlar Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə və Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin Şüşə istehsalı müəssisəsində gedən istehsal prosesi ilə tanış olublar.