İQTİSADİYYAT
Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 6,9 milyard dollar olub
Bakı, 9 dekabr, AZƏRTAC
Cari ilin 9 ayı üzrə xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin ümumi həcmi 6,9 milyard dollar təşkil edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, bunun 4,3 milyard dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 2,6 milyard dolları isə Azərbaycan rezidentləri tərəfindən xarici ölkələrin rezidentlərinə göstərilən xidmətlərdir. Ümumilikdə, xidmətlər balansında yaranan kəsir 14 faiz azalaraq 1,7 milyard dollar olub. Neft-qaz sektoru üzrə xidmətlər balansının (əsasən tikinti xidmətləri və digər işgüzar xidmətlər) kəsiri 1,3 milyard dollar (29,3 faiz azalma) təşkil edib. Qeyri-neft sektoru üzrə xidmətlər balansının kəsiri isə 462,9 milyon dollar (2,2 dəfə artım) olub. Qarşılıqlı xidmətlər dövriyyəsinin 41,1 faizi nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 2,8 milyard dollar olan nəqliyyat xidmətlərinin 60 faizi qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat xidmətlərindən istifadəsi ilə əlaqədar olub. Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri 1,7 milyard dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri nəqliyyat xidmətlərinin dəyəri isə 1,1 milyard dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 11,3 faiz, idxalı isə 20,8 faiz artıb. Nəticədə nəqliyyat xidmətləri üzrə 2020-ci ilin 9 ayında 0,2 milyard dollar olan profisit, 2021-ci ilin 9 ayında 0,6 milyard dollara yüksəlib.
2021-ci ilin 9 ayında qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 23,1 faiz azalaraq 491,1 milyon dollar təşkil edib. Hesabat dövründə turizm xidmətləri üzrə idxalın (367,4 milyon dollar) ixracı (123,7 milyon dollar) üstələməsi nəticəsində 243,7 milyon dollar həcmində kəsir yaranıb. Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 24,7 faiz, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 38,2 faiz azalıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 367,4 milyon dollar təşkil edib. Bunun 88,5 faizi Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla). Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri rezidentlərə göstərilən tikinti xidmətlərinin həcmi 3,4 dəfə azalaraq 6 milyon dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin həcmi isə 37,3 faiz artaraq 668 milyon dollar olub.