SİYASƏT


Xarici işlər naziri Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb

Bakı, 21 iyun, AZƏRTAC

İyunun 21-də xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə iki ölkənin ikitərəfli və çoxtərəfli formatlarda səmərəli əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov iki xalq arasında tarixən mövcud olan ənənəvi dostluq, əməkdaşlıq, qarşılıqlı dəstək əlaqələrini qeyd edərək, möhkəm təməl üzərində qurulan Azərbaycan-Qazaxıstan münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini vurğulayıb.

Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdi qardaş Azərbaycana səfərdən məmnunluğunu ifadə edərək, dövlət başçısı ilə keçirilmiş görüşə, aparılmış hərtərəfli və məhsuldar fikir mübadiləsinə istinad edib. İki ölkə arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqun əhəmiyyətini vurğulayıb.

Nazirlər iki ölkə arasında bir çox istiqamətlərdə, o cümlədən iqtisadi-ticarət, sərmayələr, nəqliyyat, tranzit, humanitar, mədəniyyət, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlıq münasibətləri və onların inkişaf perspektivlərini müzakirə ediblər. Pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması ilə iqtisadi-ticarət əlaqələrində artımın əldə olunması üçün müvafiq addımların atılmasının, xüsusilə də ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsinin vacibliyi qeyd edilib.

Nazir Ceyhun Bayramov qazaxıstanlı həmkarına bölgədəki münaqişə sonrası vəziyyət, onilliklər ərzində işğal altında saxlanılan ərazilərdə məqsədli şəkildə törədilən dağıntılar, mina təhlükəsi, habelə azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.

Nazirlər beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, Türk Şurası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər çərçivələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasını böyük uğur kimi dəyərləndirən tərəflər bu xüsusda yüksək səviyyəli işçi qrupları çərçivəsində müzakirələrin davam etdirilməsini və Konvensiyanın ratifikasiyasının vacibliyini qeyd etdilər.

Tərəflər arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Gələn il ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını nəzərə alaraq, nazir Tileuberdi azərbaycanlı həmkarını Qazaxıstana rəsmi səfərə dəvət edib.

Nazir Ceyhun Bayramov həmkarının dəvətini məmnunluqla qəbul edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.