SİYASƏT


Xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də MDB Xarici İşlər Nazirləri Şurasının Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı Sirociddin Muhriddin ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Tacikistanın xarici işlər naziri Azərbaycanla münasibətlərin inkişafına əhəmiyyət verildiyini və ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün addımların atıldığını qeyd edib. Bu xüsusda, qarşılıqlı səfərlərin vacib rolunu qeyd edən nazir Sirociddin Muhriddin Tacikistan Ali Məclisinin yuxarı palatasının sədrinin bu yaxınlarda Azərbaycana etdiyi səfərə diqqət çəkib.

Nazir Ceyhun Bayramov səmimi qarşılamaya və qonaqpərvərliyə görə həmkarına təşəkkür edib. MDB Xarici İşlər Nazirləri Şurasının iclasına ev sahibliyini yüksək səviyyədə təşkil etdiyinə görə qarşı tərəfi təbrik edən nazir Ceyhun Bayramov bu tədbirin üzv ölkələr arasında gündəlikdəki çoxsaylı məsələlərin müzakirəsinə əlverişli şərait yaratdığını söyləyib.

Nazir Ceyhun Bayramov Azərbaycan ilə Tacikistan arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu, ölkəmizin dost ölkə Tacikistanla ikitərəfli əlaqələrin inkişafına dəyər verdiyini qeyd edib.

Nazirlər bu yaxınlarda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı, XİN-lərarası məsləhətləşmələrin davam etdirilməsi, habelə iqtisadi-ticarət sahəsində əlaqələrin inkişafı perspektivləri, o cümlədən Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.