CƏMİYYƏT


Xarici jurnalistlər Mətbuat Şurasında olublar

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Livandan olan jurnalistlər Azərbaycan Mətbuat Şurasında olublar. Bu barədə AZƏRTAC-a Mətbuat Şurasından məlumat verilib.

Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətindən, beynəlxalq əlaqələrindən söz açıb. O bildirib ki, son illər ərəb ölkələrindən Azərbaycana axın güclənib. Bu, Azərbaycanın turizm potensialına olan maraqdan irəli gəlir. “Əlbəttə, bu, bizim üçün önəmlidir və media da öz təbliğatı ilə turist səfərlərinin artmasına müstəsna töhfə verə bilər. Ancaq daha önəmli cəhət Azərbaycan jurnalistlərinin ərəb dünyasının tanınmış media qurumlarının təmsilçiləri ilə sıx təmaslarının yaranması və inkişaf etdirilməsidir. Bu baxımdan İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində gerçəkləşdirilən təşəbbüslər daha faydalıdır. İnanıram ki, görüləcək işlər Azərbaycan həqiqətlərinin ərəb dünyasında mütəşəkkil qaydada işıqlandırılmasına təkan verəcək”, - deyə sədr vurğulayıb.

Qeyd edək ki, jurnalistlərin Azərbaycana səfəri İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşəbbüsü ilə gerçəkləşib. Assosiasiyanın sədri Fazil Abbasov qonaqların ölkəmizə səfər proqramı barədə məlumat verib, keçirdikləri görüşlərin səmərəli məqamlarından söz açıb.

Birgə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə bildirilib ki, bunun üçün İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi vacib platforma mövcuddur. Bu platforma çərçivəsində azərbaycanlı jurnalistlərin də Yaxın Şərq ölkələrinə səfərlərini təşkil etmək, onların bu məkandakı nüfuzlu media qurumlarının iş prinsipləri barədə yaxından tanışlığını reallaşdırmaq mümkündür. Görüşdə mövcud istiqamətdəki konkret məqamlar nəzərdən keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.