İQTİSADİYYAT
Xarici mediada azərbaycanlı ekspertin Türkmənistanla Azərbaycan arasındakı enerji əlaqələrinə dair məqaləsi dərc olunub
Bakı, 28 yanvar, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Şahmar Hacıyevin ABŞ-ın “Foreign Policy News” saytında “Türkmənistan Azərbaycanla enerji əlaqələrini gücləndirir” başlıqlı məqaləsi dərc olunub.
BMTM-dən AZƏRTAC-a bildirilib ki, müəllif yazıda qeyd edir ki, yanvarın 21-də Azərbaycan və Türkmənistan Xəzər dənizindəki “Dostluq” dəniz yatağının resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalayıb. Xatırladaq ki, əvvəllər Azərbaycan dilində “Kəpəz” və türkmən dilində “Sərdar” adlandırılan bu yataq 1990-cı illərdən bəri Bakı ilə Aşqabad arasında əsas mübahisə mövzusu olub.
Bildirilir ki, 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasından və bu sənədin Türkmənistan və Azərbaycan parlamentləri tərəfindən təsdiqlənməsindən sonra iki ölkə arasında əlaqələr daha da intensivləşmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun qarşılıqlı səfərləri çərçivəsində vacib sənədlər imzalanıb.
Ş.Hacıyevin fikrincə, Türkmənistan və Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq hər iki ölkə üçün maraq kəsb edir. Hər şeydən əvvəl, Azərbaycan digər ölkələrin də qarşılıqlı iqtisadi fayda prinsipləri əsasında Cənub Qaz Dəhlizinə qoşulmasına müsbət baxır. Bu baxımdan, Bakı ilə Aşqabad arasında enerji əməkdaşlığı Azərbaycanın bölgədəki enerji mərkəzi kimi mövqeyini də gücləndirə bilər. Türkmənistan üçün enerji əməkdaşlığı daha vacibdir, çünki ölkə təbii qaz ixracından çox asılıdır və təbii qaz satışı üçün yeni bazarlar, xüsusilə Avropa enerji bazarı çox cəlbedicidir. Enerji ixrac marşrutlarını şaxələndirərək Aşqabadın asılılığını azalda bilər və qaz danışıqlarında daha əlverişli mövqeyə sahib olar. Bundan əlavə, proses Türkmənistanın enerji sektoru üçün yeni texnologiyalar və enerji mütəxəssislərinin cəlb edilməsi üçün də əhəmiyyətlidir.