REGİONLAR
Xarici ölkələrdən olan 64 professor və müəllim aqrar ixtisaslar üzrə ADAU tələbələrinə mühazirə deyəcəklər
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) elmi-tədris inkişafına dəstək məqsədilə xarici ölkələrin aparıcı təhsil müəssisələrinin mütəxəssisləri mühazirələrə cəlb olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, imzalanmış əməkdaşlıq memorandumlarına əsasən, Ankara Universiteti (Türkiyə), Harran Universiteti (Türkiyə), Kazan Baytarlıq Akademiyası (Rusiya), Sankt-Peterburq Dövlət Baytarlıq Akademiyası (Rusiya), Timişoara Banat Kənd Təsərrüfatı və Baytarlıq Təbabəti Universiteti (Rumıniya) və Novo-Qoritsa Universitetinin (Sloveniya) professor-müəllim heyəti ADAU tələbələrinə aqrar ixtisaslar üzrə müxtəlif mövzularda mühazirə deyəcəklər. Ümumilikdə tədris prosesinə xarici universitetlərdən 64 professor və müəllimin cəlb olunması nəzərdə tutulur. ADAU-nun aqronomluq fakültəsinin tələbələrinə dərs deyəcək xarici müəllimlər arasında Nova Gorica Universitetinin prorektoru Mladen Franco da var.
Mühazirələr türk, ingilis və rus dillərində aparılacaq.