SİYASƏT
Xarici ölkələrin Almaniyadakı hərbi attaşelik aparatının üzvlərinə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumat verilib VİDEO
Berlin, 6 oktyabr, AZƏRTAC
Oktyabrın 6-da Azərbaycanın Berlindəki səfirliyində xarici ölkələrin Almaniyadakı hərbi attaşelik aparatının üzvlərinə Ermənistanın hərbi təxribatına qarşı ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Almaniya Federativ Respublikasındakı hərbi attaşesi polkovnik Mahir Bayramov çıxış edərək bildirib ki, cari il sentyabrın 27-də erməni silahlı birləşmələrinin cəbhə xəttindəki təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu cəbhəyanı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək və işğal altındakı əraziləri azad etmək üçün əks-hücum əməliyyatına başlayıb. Bu günədək davam edən əks-hücum əməliyyatları nəticəsində azad olunmuş ərazilər haqqında məlumat verilib.
Qeyd olunub ki, Ermənistan Livandan, Suriyadan muzdlu döyüşçüləri və terrorçuları hərbi əməliyyatlara cəlb edib. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, habelə Ermənistanın müvafiq beynəlxalq öhdəliklərini pozaraq, Azərbaycanın mülki əhalisini və infrastrukturunu qəsdən hədəfə alır. Ermənistan tərəfinin məqsədyönlü atəşləri nəticəsində bu günədək 24 azərbaycanlı mülki şəxs qətlə yetirilib, 121 nəfər yaralanıb, 300-dən çox yaşayış binası və mülki obyekt dağıdılıb.
Həmçinin vurğulanıb ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə, sənaye şəhəri olan Mingəçevir, habelə Azərbaycanın Xızı və Abşeron rayonlarında əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələri və mühüm əhəmiyyətli infrastrukturunun Ermənistan ərazisindən məqsədyönlü şəkildə raket hücumlarına tutulması hərbi əməliyyatlar zonasını genişləndirmək və münaqişəyə üçüncü ölkələri cəlb etmək məqsədi güdən təxribatdır.
Tədbir iştirakçılarına bildirilib ki, aparılan hərbi əməliyyatlar nəticəsində düşmənin 232-dək tank və digər zirehli texnikası, 250 ədəd artilleriya sistemi, 38 ədəd hava hücumundan müdafiə vasitələri, o cümlədən 1 ədəd “S-300” zenit-raket kompleksi, 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 130-dan artıq avtomobil texnikası məhv edilib.
Sonra polkovnik Mahir Bayramov sualları cavablandırıb. Xüsusi qeyd olunub ki, hərbi təxribat Ermənistan tərəfindən başladılıb. Azərbaycan Ordusunun ölkəmizin beynəlxalq səviyyədə tanınan, lakin işğal olunmuş ərazilərində keçirilən və sülhə məcburetmə məqsədi daşıyan əks-hücum əməliyyatları uğurla davam edir.
Təqdimatda erməni təxribatını və ordumuzun uğurlu hərbi əməliyyatlarını əks etdirən foto və video materiallar nümayiş olunub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin