ORDU
Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri Hərbi Dəniz Qüvvələrində olublar
Bakı, 7 noyabr, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik plana əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri noyabrın 7-də Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 11 ölkəni təmsil edən hərbi attaşelərə əvvəlcə hərbi hissə və onun yaranma tarixi barədə ümumi brifinq təqdim olunub. Hərbi hissədə qonaqlar şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub və məşğələ otaqlarına baş çəkiblər. Silahlanmada olan döyüş vasitələri ilə tanış olan qonaqlar şəxsi heyətin məşqlərini izləyiblər.
Hərbi attaşelər tədbirin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.