SİYASƏT


Xarici ölkələrin İrandakı hərbi attaşelik aparatının üzvlərinə Azərbaycan Ordusunun əks-hücumu haqqında məlumat verilib

Tehran, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Azərbaycanın Tehrandakı səfirliyində xarici ölkələrin İrandakı hərbi attaşelik aparatının üzvlərinə Ermənistanın hərbi təxribatına qarşı Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatı barədə ətraflı məlumat verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İranın ordusunun nümayəndəsi də iştirak edib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İran İslam Respublikasındakı hərbi attaşesi polkovnik Elvin Qasımov çıxış edərək bildirib ki, cari il sentyabrın 27-də erməni silahlı birləşmələrinin cəbhə xəttindəki təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu cəbhəyanı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək və işğal altındakı əraziləri azad etmək üçün əks-hücum əməliyyatına başlayıb. Bu günədək davam edən əks-hücum əməliyyatları nəticəsində Füzuli rayonunun işğal olunmuş Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Aşağı Əbdülrəhmanlı, Yuxarı Əbdülrəhmanlı, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndləri, Talış kəndi ətrafındakı yüksəkliklər, həmçinin Ömər və Murovdağ kimi strateji yüksəkliklər azad edilib, Vardenis-Ağdərə əsas təminat yoluna nəzarət ələ keçirilib.

Təqdimatda erməni təxribatını və ordumuzun uğurlu hərbi əməliyyatlarını əks etdirən foto və video materiallar nümayiş olunub.

Həmçinin vurğulanıb ki, Ermənistan indiki vəziyyətdə növbəti təxribata əl atır. Belə ki, qoşunların təmas xəttində deyil, sərhəddə yerləşən Daşkəsən rayonunu atəşə tutmaqla, əks-hücum əməliyyatında başqa ölkələrdən qüvvələrin gətirilməsini iddia etməklə üçüncü tərəfləri münaqişəyə cəlb etmək məqsədi güdür.

Qeyd olunub ki, Ermənistan Livan, Suriya və İraqdan muzdlu döyüşçülər və terrorçuları hərbi əməliyyatlara cəlb edib. Ermənistan Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq hüquq normalarına kobudcasına pozaraq Azərbaycanın mülki əhalisinə qarşı hərbi əməliyyatlar həyata keçirir. Mülki binalar atəşə tutulur, dinc əhali arasında ölən və yaralananlar var.

Sonra polkovnik Elvin Qasımov sualları cavablandırıb. Qeyd olunub ki, aparılan hərbi əməliyyatlar nəticəsində düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya sistemləri, o cümlədən 2 BM-27 Uraqan YARS, 30 ədəd hava hücumundan müdafiə vasitələri, o cümlədən 1 ədəd “S-300” zenit-raket kompleksi, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan artıq avtomobil texnikası məhv edilib.

Xüsusi qeyd olunub ki, hərbi təxribat Ermənistan tərəfindən başladılıb. Azərbaycan ordusunun ölkəmizin beynəlxalq səviyyədə tanınan, lakin işğal olunmuş ərazilərində keçirilən və sülhə məcburetmə məqsədi daşıyan əks-hücum əməliyyatları uğurla davam edir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.