ELM VƏ TƏHSİL
“Xarici ölkələrin jurnalistikası tarixi” dərsliyinin təqdimatı olacaqdır
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 22-də Azərbaycan Mətbuat Şurasında (MŞ) Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsinin kafedra müdiri, professor Həmid Vəliyevin “Xarici ölkələrin jurnalistikası tarixi” kitabının təqdimatı olacaqdır.
MŞ-dən AZƏRTAC-a bildirmişlər ki, elmi redaktorları filologiya elmləri doktoru, professor Nəsir Əhmədli və filologiya elmləri namizədi, dosent Vüqar Əliyev olan dərslikdə qədim dövrdən XX əsrin sonlarınadək keçən müddətdə dünya jurnalistikası tarixindən xronoloji ardıcıllıqla bəhs edilmiş, kütləvi informasiya vasitələrinin (KİV) tipoloji inkişafı prosesi nəzərdən keçirilmiş, müxtəlif ölkələrin və xalqların sosial, qarşılıqlı mədəni fəaliyyətinin xüsusiyyətləri, ümumi inkişaf meylləri göstərilmişdir.
Kitab universitetlərin jurnalistika, filologiya fakültələrinin tələbələri, magistr, dissertant və doktorantlar, xarici ölkələrin jurnalistika tarixini tədris edən müəllimlər, habelə ümumilikdə dünya jurnalistikası tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Təqdimat mərasimində MŞ idarə heyətinin üzvləri, KİV rəhbərləri, ictimaiyyət nümayəndələri, BDU-nun müəllimləri və tələbələr iştirak edəcəklər.