CƏMİYYƏT


Xarici ölkələrin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları ilə əməkdaşlıq uğurla davam etdirilir

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Prokurorluğu bir sıra ölkələrin prokurorluq, ixtisaslaşdırılmış antikorrupsiya və digər cinayət təqibi orqanları, eləcə də beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin qurulması sahəsində səmərəli fəaliyyətini davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidməti ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub. Ötən ilin noyabrında Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin yüksək vəzifəli şəxslərindən ibarət nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə ölkəmizdə səfərdə olub. Səfər müddətində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidməti arasında “Korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.

Əməkdaşlıq əlaqələrinin inkişafının davamı olaraq əldə edilən razılığa əsasən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti monqolustanlı həmkarının dəvəti ilə iyulun 9-dan 11-dək bu ölkənin paytaxtı Ulan-Batorda səfərdə olub.

Səfər çərçivəsində iyulun 9-da Monqolustanın Böyük Dövlət Xuralının sədri Gombojavın Zandanşatar nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini salamlayan G.Zandanşatar son dövrlər Monqolustan ilə Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən məmnunluğunu ifadə edib. Mövcud müsbət tendensiya fonunda ixtisaslaşmış antikorrupsiya və digər cinayət təqibi orqanlarının birgə əməkdaşlığının strateji konturları və inkişaf perspektivlərinə toxunan Böyük Dövlət Xuralının sədri çıxışında, həmçinin qarşılıqlı əlaqələrin cinayətkarlığın bütün növ təzahürlərinə qarşı mübarizədə hər iki tərəfin fəaliyyətinə mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişafı üçün platforma təşkil etdiyini vurğulayaraq, ölkəmizdə korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə ətraflı məlumat verib. K.Əliyev dövlətimizin başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanından irəli gələn tövsiyə və tapşırıqların icrasının ölkəmizdə qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi prosesinə mühüm dəstək verdiyini xüsusi qeyd edib.

Daha sonra Azərbaycan nümayəndə heyəti ilə Monqolustanın Baş prokuroru Jarqalsaikxan Banzraqçiyin arasında ikitərəfli görüş keçirilib.

Görüşdə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi məqsədilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman barədə ətraflı məlumat verən K.Əliyev bu sənədin ölkə ictimaiyyəti tərəfindən korrupsiya ilə mübarizə sahəsində aparılan mühüm institusional islahatlar fonunda atılmış növbəti mütərəqqi addım kimi qiymətləndirildiyini bildirib. Bununla yanaşı, K.Əliyev geniş hüquqi tənzimləmə dairəsi baxımından bir çox sahələri əhatə edən sənədin prokurorluğun fəaliyyəti üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq zəruri normativ hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə də məlumat verib.

Nümayəndə heyətinin rəhbəri K.Əliyev, eləcə də Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) vitse-prezidenti qismində BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən BPA-nın əsas istiqamətləri və fəaliyyəti ilə əlaqədar məsələlərə də toxunub. K.Əliyev bununla əlaqədar Monqolustan Baş Prokurorluğu ilə BPA arasında qurulmuş əməkdaşlıq münasibətlərinin ayrı-ayrı sahələri, habelə Assosiasiyanın səmərəli fəaliyyətindən daha çox faydalanmaq üçün mövcud imkanlar barədə fikir mübadiləsi aparıb.

Sonra nümayəndə heyəti Monqolustanın Ədliyyə və Daxili İşlər naziri ilə görüşüb.

Söhbət zamanı K.Əliyev Azərbaycanda analoji qurumların struktur və funksiyaları, habelə bu sahələrin inkişafını təmin edən ardıcıl və məqsədyönlü islahatlar barədə məlumat verib.

Qarşı tərəf ölkəmizin bu sahədə təcrübəsinə böyük maraq göstərib və qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Tədbirin gündəliyinə uyğun olaraq, iyulun 9-da ölkəmizin nümayəndə heyəti Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin rəisi Daşdavaa Zandraa ilə görüşüb. Xidmətin inzibati binasında keçirilən görüşdə tərəflər arasında müasir dövrdə transmilli xarakter daşıyan korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional səylərin daha da artırılması yönündə geniş fikir və təcrübə mübadiləsi aparılıb. Həmçinin bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki ölkənin daxili mübarizə resurslarını gücləndirmələri ilə yanaşı, beynəlxalq müstəvidə də vahid və qətiyyətli mövqedən çıxış edilməsinin vacibliyi vurğulanıb. Tədbirdə, eləcə də iki qurumun fəaliyyətinə dair təqdimatlar nümayiş etdirilib.

K.Əliyev, həmçinin Monqolustanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin mətbuat xidmətinə qurumu maraqlandıran suallar ətrafında müsahibə verib.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Monqolustanın milli Naadam bayramında iştirak edərək bu ölkənin milli mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.