ELM VƏ TƏHSİL
Xarici ölkələrin universitetlərinin ixtisaslarının iki ay yarım müddətinə tanınması istiqamətində tədbirlər görülür
Bakı, 19 dekabr, AZƏRTAC
Hazırda xarici ölkələrin universitetlərinin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi üzrə xidmətlərin müddəti təqribən 4 aydır. Həmin müddətin iki ay yarıma endirilməsi istiqamətində tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli açıqlama verib.
O bildirib ki, bəzi xarici ölkə universitetlərinin Bakıda fəaliyyət göstərən filiallarının məzunlarının diplomlarının tanınması prosesi həmin təhsil ocaqları haqqında kifayət qədər məlumat olduğundan daha asandır. Odur ki, bunun üçün xüsusi araşdırmaq və ekspertiza tələb olunmur.
H.Həsənli maraqlı bir fakta da toxunub. O qeyd edib ki, bəzi hallarda respublikanı tərk etmədən xarici ölkə universitetlərindən əyani təhsillə bağlı diplom alan şəxslər də olur. Lakin bu saxtakarlıq çox asanlıqla müəyyən edilir. Bundan başqa, elektron sistemdə sənəd qəbulu elə formalaşdırılıb ki, saxta diplomlara nadir hallarda rast gəlinir.