ELM VƏ TƏHSİL
Xarici qonaqlar Mərkəzi Elmi Kitabxanada



Bakı, 5 iyun, AZƏRTAC
Almaniyanın Təbiət Elmləri üzrə Peşəkar Kollecinin professoru Josef Braydenbax və yoldaşı Kristen Braydenbax, Qrunt suları stansiyası və təmizləyici qurğuları” layihəsinin rəhbəri Kristina Veis və Ludviqhafen tullantı su təmizləyici qurğuları laboratoriyasının müdir müavini Kristian Ket AMEA-nın Mərkəzi Elmi Kitabxanasında olublar.
MEK-dən AZƏRTAC-a bildirilib ki, baş direktoru professor Məmməd Əliyev qonaqlara kitabxananın fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, Mərkəzi Elmi Kitabxana xarici ölkələrin qurumları ilə uğurlu əməkdaşlıq fəaliyyəti həyata keçirir. Həmin ölkələr sırasında Almaniyanın xüsusi yeri var.
Sonra qonaqlar MEK-in fəaliyyəti ilə tanış olublar. Onlar Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondu, Akademiklər zalında yerləşən və dünya dövlətlərinin səfirlikləri tərəfindən hədiyyə edilən nəşrlərdən ibarət Diplomatik fondda, eləcə də Nadir kitablar və qiymətli nəşrlər fondunda olublar. Burada toplanan nəşrlər, xüsusilə də nadir və qiymətli kitablar qonaqların böyük marağına səbəb olub.
Onlar MEK-də mühafizə edilən almandilli nəşrlər ətrafında fikir mübadiləsi aparıblar.