İQTİSADİYYAT
Xarici şirkətlərlə genişlənən əməkdaşlıq Azərbaycanın qlobal dəyər zəncirinə qoşulmasına yeni imkanlar yaradır
Bakı, 7 fevral, AZƏRTAC
İqtisadi inkişaf, ciddi islahatlar yolunda olan Azərbaycan hazırda uğurla inkişaf edir, sabitlik yolu ilə irəliləyir. Ölkəmizdəki mövcud sabitlik, əlverişli biznes mühiti, Azərbaycanın apardığı tam müstəqil siyasət müxtəlif sektorlarda fəaliyyət göstərən xarici şirkətlərin diqqətini cəlb edir, onlar Azərbaycanla əməkdaşlığı genişləndirməyə maraq göstərirlər. Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumu çərçivəsində xarici şirkətlərin rəhbərləri ilə keçirdiyi görüşlər həmin şirkətlərlə əlaqələrin qurulması, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə hədəflənib. Xarici investorları Azərbaycana cəlb edən mühüm amillərdən biri də onun biznes mühitinə görə 20 ən islahatçı ölkə kimi tanınmasıdır.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Natiq Əmirov AZƏRTAC-a müsahibəsində xarici şirkətlərlə əməkdaşlığın əhəmiyyətindən danışarkən bildirib ki, xarici investorların ölkəmizdə aparılan uğurlu islahatlardan, Azərbaycandakı əlverişli biznes və investisiya şəraitinin daha da yaxşılaşmasından, rəqabət mühitinin sağlamlaşdırılması və şəffaflığın artırılmasından məmnunluqları bu islahat tədbirlərinin öz nəticəsini verməsinə işarədir. Son illərdə Azərbaycanda həyata keçirilən islahatları, xüsusilə biznes, vergi və gömrük sahələrində islahatların ümumi rəqabət mühitinə verdiyi müsbət töhfəni yüksək qiymətləndirən və ölkəmizin bugünkü biznes mühitinin bütün xarici investorların öz fəaliyyətlərini genişləndirmələri üçün çox əlverişli imkan yaratdığı qənaətində olan şirkətlərdən biri də “Procter and Gamble Europe”dır. Dövlətimizin başçısı ilə görüşündə öz fəaliyyətlərini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətində olduqlarını deyən şirkətin prezidenti Loik Tassel regional mərkəz olaraq məhz Bakını seçdiklərini vurğulayıb. Bunun əsas səbəbi Azərbaycanın inkişaf etmiş nəqliyyat-logistika sistemi ilə Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən ticarət qovşağı olmasıdır.
Azərbaycana yeni texnologiyaları gətirən digər bir şirkət “Carlsberg Group”dur. Şirkət tərəfindən Xırdalan pivə zavodunun aparıcı dünya şirkətləri tərəfindən istehsal olunan avadanlıqların təchiz olunması ilə modernləşdirilməsi, yeni qablaşdırma xəttinin quraşdırılması Azərbaycanın qida sənayesində son illərdə həyata keçirilmiş ən iri investisiya layihələrindən biridir. Şirkət zavodun inkişafına ümumilikdə 40 milyon manatdan çox sərmayə qoyub. “Carlsberg Group”un baş icraçı direktoru Azərbaycan Prezidenti ilə görüşü zamanı bildirib ki, şirkət tərəfindən kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşu istiqamətində işlər görülür və artıq pilot layihələrin icrasına başlanılıb.
Prezidentin köməkçisi qeyd edib ki, maliyyə-bank və sığorta sektorunun şirkətləri ilə keçirilən görüşlər sırasında “Carlyle Group”un həmtəsisçisi Devid Rubenşteynlə görüş xüsusi əhəmiyyət kəsb edir. Bu şirkətin investisiya portfeli 222 milyard ABŞ dollarıdır və o, 94 ölkə ilə əməkdaşlıq edir. Dövlətimizin başçısı ilə görüşdə D.Rubenşteyn Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını və mövcud əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu yüksək dəyərləndirib. O, “Carlyle Group” ilə Azərbaycan Dövlət Neft Fondu arasında əməkdaşlığın daha da dərinləşdirilməsi məsələsini müzakirəyə çıxarıb. Bu da yaxın gələcəkdə ölkəmizə xarici investorlar tərəfindən müxtəlif sektorlara qoyulacaq yatırımların artacağını proqnozlaşdırmağa imkan verir.
“Swiss Re” şirkəti Azərbaycanda sığorta sahəsinin inkişafı və təkmilləşməsini müşahidə edən və həyata keçirilən islahatlarda iştirak etməyə, sığorta bazarının daha da inkişafına töhfə verməyə hazırdır. Şirkətin ictimaiyyətlə əlaqələr üzrə sədri Veronika Skotti ilə görüşdə bu gün Azərbaycan üçün çox aktual olan sığorta bazarının səmərəli təşkili və inkişafı məsələləri, bu sahədə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Qeyd edək ki, “Swiss Re” 225 milyard aktivə sahib olmaqla, fövqəladə hallarda yaranan sığorta hadisələri və onların təkrar sığortası üzrə dünyanın ixtisaslaşmış lider şirkətlərindən biridir, Danimarka, Fransa, Almaniya, Lüksemburq, İsrail və digər ölkələrlə əməkdaşlıq edir.
Davos Forumu çərçivəsində keçirilmiş görüşlərdə müzakirə olunan yeni əməkdaşlıqlar mötəbər şirkətlər tərəfindən ölkəyə investisiya yatırımlarının artmasına, yeni texnologiyaların transferinə, eyni zamanda, qlobal dəyər zəncirinə qoşulmaq üçün yeni imkanların yaranmasına səbəb olacaq. Bu da öz növbəsində, Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artmasına, multiplikator effekti ilə digər şirkətlərdə də ölkəmizlə bağlı müsbət fikrin və güvənin formalaşmasına öz təsirini göstərməklə ölkə iqtisadiyyatının daha da böyüməsinə şərait yaradacaq.