CƏMİYYƏT
Xarici tələbələr üçün keçirilən konfrans ortaq türk dərsliyinin əhəmiyyəti mövzusuna həsr olunub
Bakı, 9 oktyabr, AZƏRTAC
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universitetində (ATU) bu ali məktəbdə təhsil alan xarici tələbələr üçün “Ortaq dəyərlərin təbliği baxımından ortaq türk dərsliyinin əhəmiyyəti” mövzusunda konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, konfransda ATU-nun xarici tələbələrlə iş üzrə dekanı, dosent Qorxmaz Əhmədov belə tədbirlərin keçirilməsinin türkdilli ölkələr, o cümlədən Türkiyə ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli inkişafı və möhkəmləndirilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Təhsil Nazirliyinin eksperti və dərslik müəlliflərindən biri Hafiz Cabbarov öz çıxışında 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvanda keçirilən sammitinin tarixi əhəmiyyətindən bəhs edib, türk birliyinin ideoloqlarından olan İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə və işdə birlik!” şüarının aktuallığına toxunaraq həmin ideologiyanın reallaşması üçün lazımi işlərin görüldüyünü bildirib, ortaq türk tarixi ilə bağlı bir sıra nümunələr göstərib.
Təhsil Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Tural Əhmədov Astanada fəaliyyət göstərən Beynəlxalq Türk Akademiyasında ortaq türk tarixi, coğrafiyası, ədəbiyyatı dərsliklərinin hazırlanması barədə danışıb, 2019-2020-ci ilin tədris ilində ortaq türk tarixinin 150 məktəbdə pilot dərslik kimi tədris olunduğunu diqqətə çatdırıb.