İQTİSADİYYAT


Xarkovda azərbaycanlı və ukraynalı iş adamlarının birgə biznes forumu keçirilib VİDEO

Xarkov, 2 oktyabr, AZƏRTAC

Xarkov şəhərində azərbaycanlı və ukraynalı iş adamlarının iştirakı ilə biznes forum keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfirliyinin və Xarkov şəhərindəki fəxri konsulluğunun birgə təşəbbüsü ilə keçirilən forumda Ukraynanın Sumı, Çerniqov, Xarkov və digər şəhərlərinin zavod, fabrik, sənaye və elmi müəssisələrinin rəhbərləri iştirak ediblər.

Tədbirdə ölkələrimiz arasında mal dövriyyəsinin artırılması, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və müştərək istehsal müəssisələrinin qurulması məsələləri geniş müzakirə edilib. Bildirilib ki, Xarkov, Sumı, Dnepr və digər şəhərlərin iş adamları Azərbaycanla regional işbirliyinə xüsusi maraq göstərirlər.

Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qlobal sosial-iqtisadi islahatlar haqqında ukraynalı iş adamlarına məlumat verən ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev Azərbaycanda yerli və xarici iş adamlarına yaradılan geniş imkanlardan və səmərəli investisiya mühitindən bəhs edib. Səfir Azərbaycanda yüksək keyfiyyətli müxtəlif çeşidli məhsulların istehsal olunduğunu nəzərə çatdıraraq, ölkələrimiz arasında əczaçılıq, yüngül sənaye, kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində faydalı əməkdaşlığın qurulmasının vacibliyini vurğulayıb.

Azərbaycanın Ukrayna ilə iqtisadi, ticari, elmi-texniki əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini vurğulayan Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov və azərbaycanlı iş adamı, "Sfera Jitlobud" korporasiyasının prezidenti Araz Quliyev son illər azərbaycanlı iş adamlarının Ukraynada həyata keçirilən iqtisadi islahatlara verdikləri dəstək və bu sahədə investisiya yatırımlarından bəhs ediblər. Onlar üç ay bundan öncə Kiyev şəhərində Azərbaycan Ticarət Evinin açılması ilə ikitərəfli iqtisadi əlaqələrin inkişafında yeni mərhələnin başlandığını bildiriblər.

Tədbirdə Sumı Vilayət Deputatlar Şurasının sədri Vladimir Tokar, Ukrayna Dövlət Dəmiryolu Universitetinin rektoru Sergey Pançenko, o cümlədən Xarkov və Sumı şəhərlərində fəaliyyət göstərən bir sıra fabrik və zavod rəhbərləri çıxış edərək ikitərəfli iqtisadi, ticari, elmi, texniki əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən bəhs ediblər.

Tədbirdə Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Möhsüm Qədiroğluna Azərbaycanla Ukrayna arasında çoxşaxəli əlaqələrin inkişafına verdiyi informasiya dəstəyinə görə Sumı Vilayət Deputatlar Şurasının fəxri diplomu təqdim olunub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Xarkov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.