SİYASƏT
Xarkovdakı soydaşlarımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd ediblər
Xarkov, 30 dekabr, AZƏRTAC
Ukraynanın Xarkov şəhərində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Xarkovdakı “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi tərəfindən təşkil olunan bayram tədbirində diaspor nümayəndələdi, mərkəzin müəllim və şagirdləri, Azərbaycan və Türkiyədən gələn qonaqlar, idmançılarımız iştirak ediblər.
“Dostluq” cəmiyyətinin sədri Murad Ömərov çıxış edərək 2021-ci il dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün mühüm hadisələrlə zəngin olduğunu söyləyib. Vurğulayıb ki, dünyada yaşayan soydaşlarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dövlətimizin inkişafı istiqamətində öz töhfələrini verirlər.
Vətən müharibəsində torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycanın böyük Zəfəri münasibətilə təbriklərini çatdıran Murad Ömərov şanlı Qələbənin xalqımızın igid oğullarının qanı, canı bahasına qazanıldığını bildirib.
Xarkov Şəhər Şurasının nümayəndəsi Boris Butırin çıxış edərək soydaşlarımızı Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn 2022-ci il münasibətilə təbrik edib, onlara sülh və firavan həyat arzulayıb.
Tədbirdə Xarkovda uğur qazanmış idmançı soydaşlarımız xüsusi hədiyyələrlə mükafatlandırılıb. Onların içərisində sərbəst güləş üzrə dünya çempionu olmuş Məhəmməd Əliyev və sərbəst güləş üzrə Avropa çempionatının bürünc mükafatçısı Kamil Kərimov da var.
Tədbir sonra bədii hissə ilə davam etdirilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Xarkov