MƏDƏNİYYƏT
“Xatirə və Xəta” ekran əsəri “Cənub Kino və İncəsənət Akademiyası” festivalında qalib olmuş filmlər sırasında yer alıb
Bakı, 2 avqust, AZƏRTAC
“Xatirə və Xəta” filmi Çili Respublikasında keçirilən “Cənub Kino və İncəsənət Akademiyası” festivalında “Ən yaxşı dram” sertifikatına layiq görülüb. Eyni zamanda ikinci mükafat olaraq “Xatirə və Xəta” triller janrında çəkilmiş ekran əsərində baş rolunu ifa edən Xalq artisti Sabir Məmmədov “Aparıcı aktyor” sertifikatına layiq görülüb. Festivalın üçüncü xüsusi mükafatı hesab edilən “Ən yaxşı musiqi əsəri” mükafatı isə bədii filmdə səsləndirilmiş Emin Sabitoğlunun bəstələdiyi musiqi əsərinə verilib.
Bu barədə AZƏRTAC-a filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov məlumat verib.
C.Qasımov bildirib ki, bu ekran əsəri digər ölkələrin filmləri ilə mübarizə apararaq ölkəmizi təmsil edib və “Ən yaxşı dram” sertifikatına layiq görülüb. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətinin geniş kütləyə çatdırılması məqsədilə çəkilib.
Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, montaj Elnur Tarverdiyevə məxsusdur.