İDMAN
Xavi İspaniya yığmasına baş məşqçi təyin oluna bilər
Bakı, 4 iyul, AZƏRTAC
İspaniya Futbol Federasiyası yığmanın baş məşqçi postuna axtarışları davam etdirir. İlk namizədlərdən biri “Barselona” klubunun və İspaniya yığmasının sabiq yarımmüdafiəçisi Xavidir.
AZƏRTAC xəbər verir ki, buna səbəb isə İspaniya millisinin Rusiyada keçirilən dünya çempionatında səkkizdəbir final mərhələsində ev sahiblərinə məğlub olmasıdır.
Daha öncə, məşqçi lisenziyasını alan 38 yaşlı ispaniyalı 2019-cu ilin yanvarından “Əl-Sədd”in sükanı arxasına keçəcəyi barədə xəbərlər yayılmışdı. Onunla yanaşı, federasiyanın siyahısına son olaraq Belçika millisinin çalışdırıcısı Roberto Martinesin adı əlavə olunub.
Qeyd edək ki, Kike Sançes Flores, Luis Enrike, Miçel, Pako Xemes və Kike Setyenin də adı İspaniya millisi ilə birgə hallanır.
Xatırladaq ki, futbol üzrə dünya çempionatının başlamasına bir gün qalmış İspaniya milli komandasının baş məşqçisi Xulen Lopeteqi istefaya göndərilib. İyunun 12-də Xulen Lopeteqinin dünya çempionatından sonra “Real Madrid” komandasına rəhbərlik edəcəyi açıqlanmışdı. Bu xəbər İspaniya millisində birmənalı qarşılanmayıb.
İspaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales X.Lopeteqinin dərhal istefasını tələb edib. Xilen Lopeteqinin istefaya göndərilməsindən sonra bu vəzifəyə yığmanın idman direktoru Fernando Hierro təyin olunub.